Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-sentyabr aylarında 27,8 mlrd manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,5% az sənaye məhsulu istehsal edilib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilir ki, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,1% azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 10,8% artıb.
Sənaye məhsulunun 60,1%-i mədənçıxarma sektorunda, 33,8%-i emal sektorunda, 5,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6% azalıb, əmtəəlik qaz hasilatı isə 8,3% artıb.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 8,2 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 74,9%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 72,2%, sair nəqliyyat vasitələrinin istehsalı 59,4%, kompüter, elektron və optik məhsulların istehsalı 39,7%, kağız və karton istehsalı 30,4%, geyim istehsalı 29,2%, maşın və avadanlıqların istehsalı 28,9%, ağacın emalı və ağacdan məmulatların istehsalı 28,5%, tikinti materiallarının istehsalı 25,9%, poliqrafiya məhsullarının istehsalı 24,7%, kimya sənayesi məhsullarının istehsalı 20,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,4%, tütün məmulatlarının istehsalı 13,5%, toxuculuq sənayesi məhsullarının istehsalı 5,1% artmış, qida məhsullarının istehsalı 1,8%, hazır metal məmulatlarının istehsalı 2,1%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 5,3%, neft məhsullarının istehsalı 5,5%, elektrik avadanlıqlarının istehsalı 9,6%, içkilərin istehsalı 9,8%, mebel istehsalı 26,6%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 41,8% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,7% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,8% azalıb.