Yuxarı

Azərbaycanda ​sənaye istehsalı 0,3% azalıb

Bu, xam neft və qaz hasilatı, elektrik enerjisi və bir sıra emal sənayesi məhsullarının istehsalı ilə bağlıdır

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-may aylarında toplam 12,1 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3% az sənaye məhsulu istehsal edilib. 

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, azalmaya səbəb xam neft hasilatının 0,7%, qaz hasilatının 9,9%, elektrik enerjisi istehsalının 6,8%, habelə bir sıra emal sənayesi məhsullarının istehsalı sahəsindəki geriləmə olub.

Sənaye məhsulunun 64,5%-i mədənçıxarma sektorunda, 28,6%-i emal sektorunda, 6,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda məhsul istehsalı 0,3% azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 3,0%, içkilər - 6,2%, tütün məmulatları - 33,9%, toxuculuq sənayesi məhsulları - 2,9 dəfə, geyim - 0,3%, ağacın emalı və ağacdan məmulatların istehsalı 17,0%, hazır metal məmulatları - 18,6%, kompyuter və elektron məhsulları - 3,1 dəfə, elektrik avadanlıqları - 54,8%, avtomobil, qoşqu və yarımqoşqular - 41,5%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2 dəfə artıb.

Bununla yanaşı, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 73,6%, kağız və karton - 6,0%, poliqrafiya məhsulları - 7,5%, kimya sənayesi məhsulları - 18,8%, rezin və plastik kütlə məmulatları - 22,6%, tikinti materialları - 26,2%, metallurgiya məhsulları - 9,4%, maşın və avadanlıqlar - 29,3%, mebel istehsalı isə 8,3% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,5%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,8% azalmışdır. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,5% artıb, neft sektorunda isə 0,8% azalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi