Yuxarı
    Bağlamaq

    Azərbaycanda ötən il qiymətli metalların hasilatı 71,5 min unsiya olub

    Bakı. 16 yanvar. REPORT.AZ/ Qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin 2017-ci ildə Gədəbəy ərazisində hasilatı qızıl ekvivalentində 71 461 unsiya təşkil edib.

    “Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

    Ötən ilin I rübündə ümumi hasilatın həcmi 14 577 unsiya, II rübdə 15 985 unsiya, III rübdə 17 714 unsiya, IV rübdə isə 23 185 unsiya qızıl ekvivalenti təşkil edib. Şirkətdən bildirilib ki, IV rübdə hasilatın kəskin artması sentyabr ayında “Uğur” yatağından hasilata başlanması ilə əlaqədardır.

    Qeyd olunub ki, əsas açıq mədən - “Gədəbəy” və “Qadir” yeraltı mədənindən ilin müəyyən hissəsində hasilatın dayandırılmasına baxmayaraq, 2017-ci ildə hasilat 2016-cı ildəki hasilatdan (72 304 unsiya) cəmi 1,17% az olub.

    Ötən il mis və gümüş hasilatında artım, qızıl hasilatında isə cüzi azalma qeydə alınıb. Belə ki, 1 991 ton mis (2,6% artım), 172 853 unsiya gümüş (4,7% artım), 59 617 unsiya qızıl (8,8% azalma) hasil edilib.

    Qeyd edək ki, şirkətin ötən il üzrə hasilat proqnozu 64-72 min unsiya qızıl ekvivalenti olub.

    Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

    “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində də hasilatla məşğuldur.

    Ötən il şirkət Gədəbəydə geniş kəşfiyyat və hasilatın optimallaşdırılması işləri həyata keçirib. Bu çərçivədə "Gədəbəy" açıq mədənində may ayından başlayaraq hasilat azaldılıb.

    “Qadir” yeraltı mədənində də qazma aparılması üçün ötən ilin fevralında filiz hasilatı dayandırılıb.

    “Uğur” yatağının kəşfi barədə 2016-cı ilin oktyabrında məlumat yayılıb. Yataq “Anglo-Asian Mining”in Qələviləşdirmə Zavodundan 3 km şimal-qərbdə yerləşir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi