Azərbaycanda maşın və avadanlıqların istehsalı 78 % artıb

Sənaye
  • 18 yanvar, 2024
  • 06:29
Azərbaycanda maşın və avadanlıqların istehsalı 78 % artıb

2023-cü ildə Azərbaycanda 770,6 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci illə müqayisədə maşın və avadanlıqların istehsalı 77,7 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 48,1 % artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 4,1 % azalıb.

Ötən il ölkədə 3 738 ədəd və yaxud əvvəlki ilə nisbətən 1 689 ədəd və yaxud 82,4 % çox minik avtomobili istehsal olunub. Bu il yanvarın 1-nə ölkədə 17 ədəd hazır məhsul ehtiyatı yaranıb.

2023-cü ildə Azərbaycanda 662 ədəd traktor istehsal edilib. Bu, 2022-ci illə müqayisədə 12,6 % çoxdur. Nəticədə, bu il yanvarın 1-nə ölkədə 10 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Həmçinin, ötən Azərbaycanda 799 ədəd yük avtomobili istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 88,4 % çoxdur.