Azərbaycanda istehsal olunan sənaye məhsullarının 84,5 %-i Bakı hesabına təmin edilib

Sənaye
  • 29 noyabr, 2023
  • 12:42
Azərbaycanda istehsal olunan sənaye məhsullarının 84,5 %-i Bakı hesabına təmin edilib

Bu ilin yanvar-oktyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 47 milyard manat təşkil edib.

Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.

Bildirilir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,4 milyard manat və ya 27 % azdır.

Sənaye məhsulunun 79,4 %-i mədənçıxarma, 17,9 %-i emal, 2,1 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 86,8 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,8 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,2 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin noyabrın 1-nə 462,5 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 87 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 1,6 % azalaraq 55,6 milyard manat təşkil edib. Bu dəyərin 84,5 %-i Bakı hesabına təmin edilib.