Yuxarı

Azərbaycanda istehsal olunacaq karbamid əsasən Türkiyəyə ixrac ediləcək

Sumqayıtda Karbamid Zavodunun inşası layihəsinə indiyədək 330 mln. avro xərclənib

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıt şəhərində həyata keçirdiyi Karbamid Zavodunun inşası layihəsi çərçivəsində indiyədək 320-330 mln. avro vəsait xərclənib. "Report" xəbər verir ki, bunu Karbamid Zavodunun direktoru Xəyal Cəfərov bildirib.

X.Cəfərov qeyd edib ki, bu vəsait Cənubi Koreyanın "Samsung Engineering" şirkəti ilə görülən işlərə sərf olunub. Lakin tammiqyaslı işlər isə hələ başlamayıb.

Koreya "Eximbank"ından cəlb edilməsi planlaşdırılan kreditin ödənilməsinə gəlincə isə o qeyd edib ki, vəsait zavodun məhsulunun satışından əldə olunan mənfəət hesabına ödəniləcək: "Çox yüksək məbləğdə mənfəət gözləyirik. Tam olaraq yatırılan investisiyanın qaytarılması isə 7-8 ilə gözlənilir".

X.Cəfərov bildirib ki, zavodda illik istehsal 650-660 min ton olacaq.

Onun sözlərinə görə, bu miqdarın 2/3 hissəsi ixraca yönəldiləcək, əsas ixrac bazarı isə Türkiyə olacaq: "Azərbaycanda təxmini tələbat 150-200 min ton civarında hesablanır. Bu isə zavodun istehsalının 2/3 hissəsinin ixraca yönəldiləcəyi deməkdir. Məhsulun daşınmasında istismara verilməsi planlaşdırılan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin böyük rolu olacaq. Türkiyə ildə 1,5-1,8 mln. ton karbamid idxal edir. Biz isə ildə 450-500 min ton karbamidi bu bazara çıxarmağı planlaşdırırıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi