Bakı. 22 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışında Sumqayıt Kimya Sənaye Parkının ərazisində həyata keçirilən layihələr arasında "SOCAR Polymer" kompleksinin tikintisini xüsusi vurğulayıb.
Dövlət başçısı bu kompleksin istehsal edəcəyi polipropilen və yüksək sıxlıqlı polietilenin idxaldan asılılığın tamamilə aradan götürülərək böyük ixrac potensialı yaradacağını qeyd edib. Prezident İlham Əliyev bildirib ki, gələcək fəaliyyətimiz üçün bu, əsas istiqamət, prioritet olmalıdır.
“Report” Sumqayıt Kimya Sənaye Parkının ərazisində "SOCAR Polymer" şirkətinin polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) qurğularının konkret olaraq hansı məhsulları istehsal edəcəyini araşdırıb.
"SOCAR Polymer" şirkətindən verilən məlumata görə, illik istehsal gücü 120 min ton olan zavodda YSPE qurğusunda bazar araşdırmasına əsasən, əsas 9 növdə ağ rəngli və 3 növdə isə qara rəngli polietilen istehsal olunacaq.
Ağ rəngli YSPE məhsulları - yüksək dözümlülüyə malik ümumi təyinatlı nazik plyonkalar, yüksək dözümlülük və elastikliyə malik ultra-nazik plyonkalar olacaq ki, bu məhsullar da plyonka ekstruziyası metodundan istifadə olunaraq hazırlanacaq. Üfürmə yolu ilə qəlibləmə metodundan istifadə olunaraq isə yüksək müqavimət və dözümlülüyə malik farmasevtik, kosmetik, həmçinin məişətdə istifadə olunan kimyəvi maddələrin saxlama qabları, həcmi 5000 litrə kimi olan və Ultrabənövşəyi şüalanmaya dözümlü, agresiv kimyəvi maddələrin saxlama qabları istehsal olunacaq. Zavodda inyeksiya yolu ilə qəlibləmə metodundan istifadə olunaraq oyuncaqlar, plastik ev əşyaları, qapaqlar və plastik yeşiklər istehsal ediləcək.
Qara rəngli yüksəksıxlıqlı polietilen məhsulları isə yüksək dözümlülüyə malik, məişət və sənaye təyinatlı maye və qaz nəqlində istifadə olunan PE80, PE100, PE100RC boruları daxildir.
"SOCAR Polymer" kompleksinin strukturuna daxil olan digər PP zavodun gücü istehsal olunacaq məhsulun növündən asılı olaraq ildə 180-200 min ton təşkil edəcək. PP istehsalında istifadə olunan texnologiya “LyondellBasell” şirkətinə məxsus “Spheripol” (yəni LyondellBasell lisenziyadır) texnologiyasıdır. Bu texnologiya istehsal üçün maye fazasında çalışan 2 ədəd dairəvi boru və 1 qaz fazası reaktorlarından ibarətdir. Adı çəkilən zavodda bazar araşdırmasına əsasən əsas 19 markada və 3 növdə (Homopolimer, Zərbəyə davamlı so-polimer, Statistiki so-polimer) PP məhsulu istehsal olunacaq.
Homopolimer əsasən plyonka, rafiya - liflər və inyeksiya yolu ilə qəlibləmə metodundan istifadə olunan məhsulların istehsalında istifadə olunur. Belə ki, plyonka qida sənayesində, məişətdə (məsələn gül, kitab, köynək və s.) istifadə olunan əşyaların paketləşdirilməsində, poliester, poliamid və alüminium ilə laminasiya olunmuş və farmasevtik paketləmə, rafiya və liflər növlü homopolimer məhsulu əsasən xalça, məişətdə, sənaye yönümlü parçaların, sünü ot örtüklərin, kəndir və torların istehsalında, inyeksiya yolu ilə qəlibləmə metodunda istifadə olunan hömopolimer məhsulu isə tibbi şprislər, qida konteynerləri, plastik mebel (stol-stul), avtomobil sənayesində istifadə olunan detallar və oyuncaqların istehsalında istifadə olunur.
Zərbəyə davamlı so-polimeri İnyeksiya yolu ilə qəlibləmə metodundan istifadə olunaraq Səyahət baqajları, yüksək dözümlülüyə malik, avtomobil sənayesində istifadə olunan detallar və qida və məişət qablarının istehsalında istifadə olunur.
Statistik (random) so-polimeri isə əsasən İnyeksiya yolu ilə qəlibləmə metodundan istifadə olunaraq qida sektorunda istifadə olunan istiliyə davamlı çox qatlı təbəqənin istehsal olunması, tibbi şprislər, CD və DVD qabları, idman malları, oyuncaqlar, yüksək aydınlıq xassələri olan məişət və qida sektorunda istifadə olunan plyonkalar, ofis ləvazimətları və üfürmə yolu ilə qəlibləmə metodundan istifadə olunaraq müxtəlif yönümlü plastik butulkaların istehsalında istifadə olunur.