Bu gün Bakıda Qaradağ Sənaye Parkının rezidenti "Bakı Gəmiqayırma Zavodu" MMC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Niderlandın "Damen Shipyards Gorinchem B.V." şirkəti arasında üçtərəfli əməkdaşlığa dair Saziş imzalanıb.
"Report" xəbər verir ki, saziş "Bakı Gəmiqayırma Zavodu"nun İdarə Heyətinin sədri Elşad Nuriyev, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nın baş direktoru Taleh Ziyadov və "Damen Shipyards Gorinchem B.V." şirkətinin nümayəndəsi Vadim Akimov tərəfindən imzalanıb.
Sənədin icrası ilə "Bakı Gəmiqayırma Zavodu"nda Niderland şirkəti ilə birgə dibdərinləşdirən gəmi istehsal olunacaq və bu qurğu Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində limanlarda yaranan maneələrin aradan qalxması üçün əhəmiyyətli olacaq.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov qeyd edib ki, Bakı limanı üçün bu ilk layihədir: "Son illərdə Xəzər dənizinin çəkilməsi ilə dərinləşmə işlərinə böyük tələbat yaranıb. Bakı limanında da Xəzərin digər limanlarında da dibdərinləşmək üçün gəmilər kifayət etmir, tələbat hər zaman var.
Bizim üçün layihənin əhəmiyyətli ondan ibarətdir ki, Azərbaycanda "Bakı Gəmiqayırma zavodu" ilə "Damen Shipyards Gorinchem B.V" şirkəti arasında əməkdaşlıq həyata keçiriləcək və gələn il artıq Bakı limanının belə bir gəmisi olacaq. Bu gəmidən Bakı limanında kanalları dibdərinləşmək üçün istifadə olunacaq".