Yer təkinin istifadəyə verilməsində azad rəqabət mühitini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi hərracların təşkilini davam etdirir.
"Report" xəbər verir ki, bu barədə iki nazirliyin birgə açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraca “Qarasuçay” qum-çınqıl yatağı çıxarılıb. Ötən gün keçirilmiş hərracda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “54 saylı Yol İstismarı” MMC LOT-2 üzrə “Qarasuçay” qum-çınqıl yatağından 225 min m³ olan yer təki sahəsindən istifadə hüququ qazanıb.
Hərracla bağlı İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri və Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət Ekspert Komissiyası yaradılıb. Yaxın zamanlarda növbəti hərracların keçirilməsi planlaşdırılır. Yer təki sahəsində fəaliyyətlə məşğul olmaq istəyən sahibkarlar hərraclarda fəal iştiraka dəvət edilir.