Azərbaycanda bu il sənaye istehsalının 88 %-i Bakının payına düşüb
- 30 noyabr, 2022
- 06:07
Bu ilin yanvar-oktyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 64,4 milyard manat (ölkə üzrə sənaye istehsalında xüsusi çəkisi 87,9 %) təşkil edib.
Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.
Bildirilir ki, sənaye məhsulunun 86 %-i mədənçıxarma, 12,2 %-i emal, 1,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 90,9 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 95,3 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 4,7 % təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 noyabr 2022-ci il vəziyyətinə 516,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 54,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Xatırladaq ki, ölkədə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-oktyabr aylarında 73,3 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 % az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 2,1 % azalıb, qeyri neft-qaz sektorunda isə 5,6 % artıb. Sənaye məhsulunun 76,4 %-i mədənçıxarma sektorunda, 19,9 %-i emal sektorunda, 3,1 %i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.