Azərbaycanda balıqçılığın inkişafına nə mane olur?

Azərbaycanda balıqçılığın inkişafına nə mane olur? Azərbaycanda balıq istehsalı azalıb.
Sənaye
9 Mart , 2022 16:28
Azərbaycanda balıqçılığın inkişafına nə mane olur?

Azərbaycanda balıq istehsalı azalıb.

Dövlət Statistika Komitəsi 2021-ci ildə ölkədə balıq istehsalına dair rəqəmləri hələ açıqlamasa da, 2020-ci ildə 61,217 ton balıq ovlandığı və tutulduğu məlumdur.

Bu, 2020-ci ilə nisbətən 3% azdır.

Balıq istehsalının 95,7%-i və yaxud 58 595 tonu fiziki şəxslərin payına düşüb. Bu isə illik müqayisədə 4,5% azdır.

Bəs Azərbaycanda balıqçılığın inkişafına nə mane olur? "Report" bu suala cavab tapmaq, ölkədə balıqçılıqla bağlı real vəziyyəti öyrənmək üçün “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin sədri Zaur Salmanlı ilə həmsöhbət olub.

"Problemləri saymaqla bitməz, çətinlik qeydiyyatla başlayır"

Ekspert deyir ki, Azərbaycanda balıqçılıq sahəsində mövcud olan problemləri saymaqla bitməz: "SSRİ dövründə Azərbaycanda balıqçılıq inkişaf etmiş sənaye sahəsi idi. Onun tərkibində balıq ovu, yetişdirilməsi, emalı, satışı və çatdırılması var idi. Bu gün bu məsələlər hamısı dağınıq vəziyyətdədir. Balıqçılıqla məşğul olmaq istəyənlərin üzləşdiyi problemlərin önündə qeydiyyat məsələsi dayanır. Bu gün kiçik və orta balıqçılıq təsərrüfatlarının ilkin qeydiyyatı çox çətindir. Bunun üçün müəyyən edilmiş şərtlər çox ağır, qeydiyyat forması çox mürəkkəbdir. Halbuki, balıqçılıq təsərrüfatını dövlət qeydiyyatından keçirmək 5-10 dəqiqəlik bir iş olmalıdır. Prosesə sadələşdirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət etmişik. Bu gün ölkənin hər yerində "ASAN xidmət" mərkəzləri yaradılır, məqsəd dövlət orqanları ilə iş prosesinin asanlaşdırılmasıdır. Yaxşı olar ki, balıqçılıqda qeydiyyat məsələsi də bu cür sadə formada həll olunsun".

"Əkinə yararsız torpaqların təyinatı dəyişdirilməlidir"

Z.Salmanlının sözlərinə görə, daha bir problem balıqçılıq təsərrüfatlarının - süni göllərin yaradıldığı torpaq sahələri ilə bağlıdır: “Bəzi torpaqlar var ki, onlar kənd təsərrüfatına tamamilə yararsızdır. Balıqçılarımız uzun müddətdir ki, bu torpaqlarda infrastruktur yaradıblar və fəaliyyət göstərirlər. Təklif edirəm ki, dövlət birgə komissiya yaratsın. Birgə komissiya bu torpaqların təyinatını yenidən müəyyənləşdirsin. Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti kadastr işi aparır. Bu işə assosiasiya da cəlb edilsin. Əminəm ki, bu gün Azərbaycanda tam yararsız torpaqlar var və onlardan heç bir məhsulun əkinində istifadə etmək olmaz. Əgər torpağın təyinatı dəyişdirilsə, balıq istehsalçıları işini rahat görə bilər".

"Qanunvericilik vəziyyətə uyğunlaşdırılmalı, sahibkarlara subsidiya verilməlidir"

"Digər problem odur ki, qəfəs balıqçılığı ilə məşğul olmaq istəyən sahibkarlar üçün Azərbaycan qanunvericiliyində müddəa yoxdur. Su səthini icarəyə götürmək qanuni yolla mümkün deyil. Doğrudur, bu işi görənlərə bir söz demirlər. Lakin məsələ hüquqi yolla tənzimlənməli, qanunvericilik vəziyyətə uyğunlaşdırılmalıdır. Azərbaycanda istənilən sahəninin inkişafı üçün təməl baza sənədi lazımdır. Bizdə isə balıqçılığın inkişaf strategiyası yoxdur”, - deyən Assosiasiyası sədri həm də təklif edir ki, dövlət balıqçılıqla məşğul olan sahibkarlara da subsidiya versin: "Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, balıqçılıq sənayesi subsidiyalaşdırılmır. Ölkədə balıqçılıqda istifadə edilən avadanlığa, yemə görə subsidiya verilmir. Dövlət dəstəyi olsa, balıq istehsalının maya dəyəri aşağı düşər, vətəndaşlarımız balıq və balıqçılıq məhsullarını ucuz alarlar. Yerli məhsul baha başa gəldiyi üçün ölkəyə müxtəlif istiqamətlərdən kütləvi idxal var. Son nəticədə yerli istehsal batıb gedir".

Nazirlikdə nə deyir?

"Report" məsələ ilə bağlı ETSN-nin də mövqeyini öyrənib. Qurumun Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov bildirib ki, balıqçılıq müəssisələrin qeydiyyatı qanunvericilik əsasında aparılır: “2017-ci ildə akvakulturanın həyata keçirilməsi üzrə Nazirlər Kabinetinin Qərarı əsasında bioloji və texnoloji əsaslandırma ilə biz balıqçılıq müəssisələrin qeydiyyatını həyata keçiririk. Balıqçılıq müəssisələrin qeydiyyatı üçün digər sənədlər də təqdim edilməlidir. Torpağa olan mülkiyyət növü ilə bağlı sənəd təqdim edilməlidir. Bu sənədi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri verir.

Balıqçılıq təsərrüfatlarının torpaqla bağlı problemləri çoxdandır ki, mövcuddur. Təsərrüfatları əsasən nohurçuluqla məşğuldur və onların əksər hissəsi kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir. Bu isə kənd təsərrüfatı məqsədləri üçün təyinatına görə torpaqların dövriyyədən çıxmasına səbəb olur. Balıqçılıq təsərrüfatları ƏMDX-nın verdiyi “Çıxarış” əsasında “su fondu”, “sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı torpaqları”, o cümlədən də az yararlı və yararsız təyinatlı torpaqlar üzərində yaradıla bilər. Bəzən Dövlət Xidməti həmin çıxarışı versə, belə biz görürük ki, balıqçılıq təsərrüfatı kənd təsərrüfatı təyinatlı torpaqda salınıb və bu torpaq əkin və ya örüş üçün yararlıdır, bir sözlə münbit torpaqdır. Münbit torpaqda balıqçılıq müəssisələrin qeydiyyata alınması mümkün deyil. Ona görə də biz bu kimi təsərrüfatları qeydiyyata ala bilmirik və onların fəaliyyəti qanunsuz hesab olunur. Burada qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var. Hesab edirik ki, elə kənd təsərrüfatı təyinatlı torpaqlar var ki, əkinə az yararlı, yaxud da tam yararsızdır. Yararsız və az yararlı torpaqlarda balıqçılıq təsərrüfatlarının yaradılmasını məqsədə müvafiq hesab edirik”.

600-dən çox balıqçılıq təsərrüfatı inventarlaşdırılıb

O, ölkədə fəaliyyət göstərən balıqçılıq təsərrüfatlarının sayına münasibət bildirib: “İndiyə qədər 600-dən çox balıqçılıq təsərrüfatlarını inventarlaşdırmışıq. Bunların təqribən 10%-ni - 58 balıqçılıq təsərrüfatını qeydiyyata ala bilmişik. 100-ə yaxın təsərrüfatın torpaq çıxarışları olsa da, həmin təsərrüfatlar münbit torpaqlarda fəaliyyət göstərirlər və orada nohurların yaradılmasına icazə verilmir. 400-ə yaxın təsərrüfat isə kənd təsərrüfatlı təyinatlı torpaqlarda yerləşir. Həmin torpaqlar isə əkinə az yararlı və ya yararsızdır. Əkinə az yararlı torpaqların qeydiyyatını apara bilərik, sadəcə həmin torpaqlar üçün çıxarışlar təqdim edilməlidir”.

M.Axundov əlavə edib ki, Azərbaycan şirin su məhdudiyyəti olan ölkədir: “Buna görə də Kür çayının suyunun azalması ilə bağlı son illər balıqçılıq təsərrüfatlarının yaranmasına maraq azalıb. Ölkəmizdə akvakulturanın inkişafı üçün Xəzər dənizinin potensialından istıfadə edilməlidir. Daxili təlabat balıqçılıq məhsullarında 90 %-i idxal hesabına formalaşır, digər 10 faiz isə daxili istehsal hesabına formalaşır. Bu, çox azdır. Hazırda Akvakultura Proqramı üzərində işləyirik. Akvakultura Proqramının qəbulu ilə bir sıra məsələlərin həllini tapması gözlənilir. Xüsusilə, akvakultura məqsədləri üçün az yararlı və yarasız torpaqların və Xəzər dənizində sahilyanı sahələrin istifadəsinə dair qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi ilə bağlı məsələlərin həlli nəzərdə tutulur. Proqramda intensiv sənaye tipli akvakultura təsərrüfatların yaradılması, akvakulturada güzəştlərin və subsidiyaların tətbiqi, vergilərdən azad olunması nəzərdə tutulub”.

Son xəbərlər

Orphus sistemi