​Azərbaycan yeni neftayırma zavodunu 2030-cu ildə istismara verəcək

​Azərbaycan yeni neftayırma zavodunu 2030-cu ildə istismara verəcək Azərbaycanda Neft-qaz emalı və Neft-kimya Kompleksinin tikintisi layihəsinın ilk mərhələsi 8,45 mlrd. dollara başa gələcək
Sənaye
5 Noyabr , 2014 10:55

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycanda yeni Neft-qaz emalı və Neft-kimya Kompleksinin (OGPC) tikintisi layihəsi çərçivəsində inşa olunan neftayırma zavodu 2030-cu ildə istismara veriləcək. "Report"un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) strateji inkişafı üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bu gün Bakıda işə başlayan II ARDNŞ-nin Neft-qaz emalı və Neft-kimya Kompleksi Forumunda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Kompleksin tikinti qrafikinin dəyişilməsi Azərbaycanın bir çox iri beynəlxalq layihələrdə iştirakı ilə əlaqədardır. T.Qəhrəmanov qeyd edib ki, “Şahdəniz- 2” layihəsi çərçivəsində görülən işlərə (TANAP və TAP layihələri), Türkiyədəki “Star” neft emalı zavodunun tikintisinə əhəmiyyətli vəsaitlər yönəldiləcək.

Bu səbəbdən qərara alınıb ki, mövcud olan H.Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma işləri aparılsın və onun fəaliyyəti daha 15 il uzadılsın.

ARDNŞ vitse-prezidenti Kompleksin birinci mərhələsinin tikintisinin 2020-ci ildə başa çatacağını açıqlayıb. Bu mərhələdə yeni qaz emalı zavodu istismara veriləcək ki, bu zavodun illik emal gücü 12 mlrd. kubmetr olacaq. Həmçinin, illik 860 min ton polimer istehsal edən neft-kimya zavodu açılacaq.

Birinci mərhələnin layihə dəyəri 7 mlrd. ABŞ dolları həcmində qiymətləndirilir. Bunun 2,1 mlrd. dollarını Azərbaycan dövləti 5 il müddətində hissə-hissə ayıracaq, qalan 4,9 mlrd. dolları isə cəlb edilmiş vəsaitlər hesabına maliyyələşdiriləcək. Nəticədə, ödəniləcək faizlərlə birlikdə layihənin dəyəri 8,45 mlrd. dollara çatacaq.

Qeyd edək ki, kompleksin tikintisi zamanı 15-16 min nəfərin işlə təmin olunacağı, kompleksin istifadəyə verildiyi zaman 2 min nəfər peşəkar mühəndisin, ümumilikdə isə 8 minə yaxın şəxsin işlə təmin ediləcəyi bildirilir.

Kompleksin istismara verilməsi Bakı və Sumqayıt şəhərlərində bir sıra zavodların, həmçinin bununla əlaqəli köhnə müəssisələrin bağlanmasına və bu ərazilərdə ekoloji vəziyyətin normallaşmasına gətirib çıxaracaq.

Son xəbərlər

Orphus sistemi