Azərbaycan traktor istehsalını 2 dəfə artırıb

Sənaye
  • 15 dekabr, 2021
  • 14:05
Azərbaycan traktor istehsalını 2 dəfə artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 399 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 1,6 % artıb. maşın və avadanlıqların istehsalı 11,1 %, sair nəqliyyat vasitələrinin istehsalı isə 90,2 % azalıb.

Yanvar-noyabr aylarında 1 992 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 350 ədəd və yaxud 21,3 % çox minik avtomobili istehsal olunub. Bu il dekabrın 1-nə ölkədə 381 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 11 ayı ərzində Azərbaycanda 610 ədəd traktor istehsal edilib ki, bu da 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2 dəfə çoxdur. Nəticədə, bu il dekabrın 1-nə ölkədə 55 ədəd hazır məhsul ehtiyatı yaranıb.