Yuxarı

​Azərbaycan ötən il sənaye istehsalını 2,4% artırıb

Qeyri-neft sektorunda məhsul istehsalı isə 8,4% artıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycanda ötən il sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 26,2 mlrd. manatlıq və ya əvvəlki illə müqayisədə 2,4% çox sənaye məhsulu istehsal edilib. “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 61,9%-i mədənçıxarma sektorunda, 29,9%-i emal sektorunda, 7,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Emal sektorunda qida məhsullarının istehsalı 2,9%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3%, ağacın emalı və ağacdan məmulatların istehsalı 67,3%, kağız və karton istehsalı 7,5%, poliqrafiya məhsullarının istehsalı 86,7%, kimya sənayesi məhsullarının istehsalı 43,2%, tikinti materiallarının istehsalı 6,3%, hazır metal məmulatlarının istehsalı 54,1%, kompüter, elektron və optik məhsulların istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 1,8%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 4,6%, mebel istehsalı 10,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işlərinin həcmi 2,7 dəfə artıb, toxuculuq məhsullarının istehsalı 55,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı 21,4%, geyim istehsalı 44,2%, içkilərin istehsalı isə 11,2% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində istehsalın həcmi 0,4% azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə 1,8% artıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,4% artıb, neft sektorunda isə əvvəlki ilin səviyyəsində qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi