Azərbaycan karbamid ixracından gəlirlərini 77 % artırıb
- 01 fevral, 2023
- 13:15
2022-ci il ərzində Azərbaycan 209,7 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.
Bu, 2021-ci ilin göstəriciləri ilə müqayisədə 91,2 milyon ABŞ dolları və ya 77 % çoxdur.
İcmala görə, ötən ilin dekabr ayında Azərbaycan 11,1 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib. Bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 14 milyon ABŞ dolları və ya 2,3 dəfə azdır.
Qeyd edək ki, 2022-ci il ərzində Azərbaycanın ümumi ixracı 38,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 3,05 milyard ABŞ dolları təşkil edib.
Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.