“Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı əlverişli logistik mövqeyə malikdir.
Bunu “Report”a açıqlamasında İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov bildirib.
"Sənaye Parkı Zəngəzur dəhlizinin yaxınlığında, beynəlxalq magistral avtomobil yolu ilə dəmir yolunun ortasında yerləşir. Bu da sahibkarların marağını cəlb edən əsas amillərdəndir”, - deyə o qeyd edib.
Bundan başqa, sədr müavini bildirib ki, Azərbaycandakı bir çox sənaye parklarında olduğu kimi “Araz Vadisi İqtisadi Zonası"nda da rezidentlər üçün güzəştlər nəzərdə tutulub: "Bu güzəştlər sırasında 10 il müddətinə mənfəət yaxud gəlir vergisindən, əmkak, torpaq və gəlir vergisindən tamamilə azad olma birinci yeri tutur. Daha sonra istehsal üçün nəzərdə tutulmuş avadanlıqlar 10 il müddətinə əlavə dəyər vergisi (ƏDV) və gömrük rüsumundan tamamilə azad edilir. Bundan əlavə istehsalla məşğul olmaq istəyən sahibkarlar rezident kimi qeydiyyatdan keçdikdən sonra bütün infrastrukturlara, yəni işıq, qaz, su və fiberoktik internetə birbaşa qoşulma şansı əldə edirlər".