Yuxarı
    Bağlamaq

    Ağdaşda yazlıq kələm yığımına başlanıb

    Yağışların yağması məhsuldarlığı artırıb

    Bakı.6 may.REPORT.AZ/ Ağdaşda bir neçə gündir ki, yazlıq kələm yığımına başlanıb.

    "Report" xəbər verir ki, rayonun 20-yə yaxın kəndində əhali kələm becərməklə məşğul olur.

    Bütün yaşayış məntəqələrində ildə iki dəfə, Yuxarı Ləki kəndində isə ildə 3 dəfə kələm əkilir. Hazırda kənddə may kələm yığımı davam edir. Kələm əkini ilə ən çox məşğul olan Qaroğlan, Abad, Hapitli, Xosrov və Ləki kəndlərinin sakinləridir. Rayonda əkin vaxtı, əsasən may, gül və broxler növlərindən istifadə olunur. Bir hektar əraziyə 20-22 min kələm şitili əkdiklərini deyən fermerlər, yerli kələm növü ilə bərabər Türkiyə və Rusiyadan gətirilən toxumlardan da istifadə edirlər. Lakin, onların sözlərinə görə, məhsuldarlıq üçün yerli növlər uyğundur və bir neçə yerli növlərə üstünlük verilir.

    Bildirilir ki, bu il havaların yağışlı olması məhsuldarlığa çox yaxşı təsir göstərib. Fermerlərin sözlərinə görə, ötən il ilə müqayisədə qiymətlər çox aşağıdır ki, bu da fermerləri qane etmir.

    Qeyd olunur ki, ötən ilin aprel ayının əvvəlləri kələmin 1 kq-ı 1, 50 AZN civarında idisə, bu il 1 kq. 5-10 qəpik arasında dəyişir.

    Ötən il Ağdaşda 4 min 490 hektar sahədə tərəvəz əkilib ki, bunun da 2 min 350 hektarı kələm sahələrinin payına düşüb. Ötən il 22 min tondan artıq məhsul götürən fermerlər, bu il bu rəqəmin daha çox olacağını gözləyirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi