Ağdam Sənaye Parkında yeni istehsal sahələrinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

Ağdam Sənaye Parkında yeni istehsal sahələrinə yatırılacaq investisiyaların həcmi açıqlanıb İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında yeni istehsal sahələri yaradılacaq.
Sənaye
2 Noyabr , 2022 17:22
Ağdam Sənaye Parkında yeni istehsal sahələrinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında yeni istehsal sahələri yaradılacaq.

Bu barədə "Report"a İZİA-dan bildirilib.

Ağdam Sənaye Parkında daha 4 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bununla da sənaye parkının rezidentlərinin sayı 11-ə çatıb.

Yeni rezident “Rail Trans Service” Məhdud Məsuliyyətli Cəmiyyəti sənaye parkının 1 hektar ərazisində “Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı” layihəsini həyata keçirəcək. Layihə çərçivəsində müxtəlif növ dəmir yolu avadanlıqları istehsal ediləcək. İnvestisiya dəyəri 5,7 milyon manat olan müəssisədə 45 daimi iş yerinin açılması nəzərdə tutulur.

Ağdam Sənaye Parkının digər yeni rezidenti “Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sənaye parkının 1 hektarında divar kağızlarını istehsal edəcək müəssisə inşa olunacaq. İnvestisiya dəyəri 6,5 milyon manat olan müəssisədə 76 nəfər daimi işlə təmin olunacaq.

Daha bir yeni rezident “Almet Holding” Qapalı Səhmdar Cəmiyyəti sənaye parkının 1 hektar ərazisində “Müxtəlif növ dəmir məmulatlarının istehsalı” layihəsini həyata keçirəcək. Layihə çərçivəsində polad həsir, mismar, bolt, məftil, eləcə də sinkli məftil istehsal ediləcək. Layihənin investisiya dəyəri 13 milyon manatdır. Layihə çərçivəsində 100 nəfər daimi işlə təmin ediləcək.

Sənaye Parkının yeni rezidenti “Eel Electric” MMC “Elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının istehsalı” layihəsi icra edəcək. Layihə çərçivəsində 1035 kV-luq elektrik yuvalarının, eləcə də 0,4 kV-luq elektrik paylayıcı qurğu və idarəetmə lövhələrinin istehsalı planlaşdırılır. İnvestisiya dəyəri 1,4 milyon manat olan müəssisədə 30 nəfər daimi işlə təmin ediləcək.

Müəssisələrdə istehsal olunan məhsullarin daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi