İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentlərinin rahat fəaliyyət göstərməsi üçün mobil şəhərcikdə daha 8 ədəd modul tipli yataqxana (40 nəfərlik) quraşdırılıb.
"Report" xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Məlumata görə, bununla da, Parkdakı modul tipli yataqxanaların sayı 16-ya (80 nəfərlik) çatıb.
Hazırda Parkın ərazisində inzibati binanın tikintisi üçün işlər aparılır. Binada iclas otağı, müasir ofis sahələri, təlim mərkəzi, laboratoriya və s. olacaq, sahibkarlara sığorta, bank və gömrük xidmətləri göstəriləcək.
Ağdam Sənaye Parkında həmçinin, əlavə olaraq 2 ədəd 400 kV-luq komplekt transformator məntəqəsi quraşdırılıb və 40 MVA elektrik yarımstansiyasının tikintisinə başlanılıb. Bundan əvvəl Parnda 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılmışdı. Park sürətli internetlə də təmin edilib.
"Ağdam Sənaye Parkında sahibkarlar üçün geniş biznes imkanları yaradılacaq. Parkın rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il əmlak vergisindən, torpaq vergisindən, gəlir və yaxud mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunacaqlar. Parkın rezidentlərinə əlavə güzəştlərin (xüsusi güzəştli bank kreditlərinin təmin olunması, sosial sığorta ödənişlərin subsidiyalaşdırılması, kommunal xidmətlərin endirimli tariflə təklif edilməsi, xammal idxalında gömrük və yaxud ƏDV güzəştləri) də verilməsi nəzərdə tutulur", - deyə məlumatda qeyd olunub.