İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkında rezidentlər üçün ayrılmış ərazidə 9 müəssisə bu ilin sonuna qədər tikinti işlərinə başlayacaq.
Bunu "Report"a açıqlamasında Agentliyin sədr müavini Elxan Şiriyev bildirib.
"Parkın ərazisində köhnə tikililərin sökülməsinə başlanılıb, müəyyən hissələrdə söküntü işlərinə ehtiyac yoxdur. Müəssislərin 2-si iyulun sonuna qədər, qalanları isə tədricən, amma ilin sonuna qədər tikinti işlərinə başlamağı planlaşdırır. Bundan başqa, Parkın rezidenti olmaq üçün sahibkarlar ümumi investisiya dəyəri 60 milyon manatdan çox olan 15 layihə təqdim edib. Bu layihələr pambıq emalı, pambıq yağının, eləcə də tikinti materiallarının, qida və ağartı məhsullarının istehsalı ilə bağlıdır. Hazırda parkın rezidenti olan 9 müəssisənin isə 50 milyon manatdan çox investisiya yatırması nəzərdə tutulur", - deyə o, qeyd edib.
Xatırladaq ki, Ağdam Sənaye Parkı dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə 190 hektar ərazidə yaradılıb. Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. İlk olaraq Parkın ərazisinin minalardan və hərbi sursatlardan təmizlənməsi işlərinə başlanılıb və artıq 190 hektar ərazinin 74 hektardan artıq hissəsi təmizlənib, qalan ərazilərdə isə işlər davam etdirilir. Artıq Sənaye Parkında mobil tipli şəhərcik salınıb. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, abadlıq işləri görülüb.
2021-ci ilin oktyabrın 4-ündə Azərbaycan Prezidenti İlham Əliyev “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında Fərman imzalayıb. 200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib.