Yuxarı

ÜST: Dünyada təxminən 18 milyondan çox körpə peyvənd olunmur

Peyvənd hər il 2-3 milyon uşağın ölümünün qarşısını alır

Bakı. 23 aprel. REPORT.AZ/ Dünyada təxminən 18,7 milyon körpə, yəni hər 5 uşaqdan biri difteriya, göy öskürək və tetanus (donuxma) kimi qarşısı alına bilən xəstəliklərə qarşı peyvənd olunmur.

"Report"un xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.

ÜST-nin yaydığı məlumata görə, peyvəndlə hər il 2-3 milyon uşağın ölümünün qarşısı alınır. Qlobal şəkildə peyvənd işinin aparılması həmçinin 1,5 milyon uşağın ölümünə mane ola bilər.

Eyni zamanda, təşkilat dünyada hələ də 18,7 milyon körpənin peyvənd olunmadığına diqqət çəkib. Məlumatda o da qeyd edilib ki, 2020-ci ilə qədər bütün dünyada uşaqların peyvənd olunması qarşıya qoyulan əsas hədəflərdəndir.

Xatırladaq ki, difteriya, göy öskürək və tetanus (donuxma) kimi xəstəliklərə qarşı peyvənd olunmayan uşaqların 60 faizdən çoxu Demokratik Konqo Respublikası, Efiopiya, Hindistan, İndoneziya, İraq, Nigeriya, Pakistan, Filippin, Uqanda və Cənubi Afrikada yaşayır.

Qeyd edək ki, 24-30 aprel tarixlərində Dünya Peyvənd Həftəsi qeyd olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi