Tütünlə mübarizəyə dair tədbirlər planı müzakirə olunacaq

Tütünlə mübarizəyə dair tədbirlər planı müzakirə olunacaq Görüşdə Texniki Məsləhətçi Qrupunun (TMQ) yaradılması nəzərdə tutulub
Sağlamlıq
27 Sentyabr , 2016 18:54
Tütünlə mübarizəyə dair tədbirlər planı müzakirə olunacaq

Bakı. 27 sentyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) sentyabrın 29-da “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planının 9.2.1.1-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının "Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası" maddələrinin həyata keçirilməsinin Rəhbər Prinsiplərinə uyğunluğu baxımından mövcud hüquqi bazanın gücləndirilməsi üzrə təkliflərin hazırlanmasına dair ilk işçi görüşün keçirilməsi planlaşıdırılıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi sahəsində müvafiq işlərin istiqamətləndirilməsi üçün Texniki Məsləhətçi Qrupunun (TMQ) yaradılması nəzərdə tutulub. TMQ tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində məşvərətçi xidmətlər göstərəcək, mövcud qanunvericiliyin təhlili, eləcə də “Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası”na dair Azərbaycanın öhdəlikləri və beynəlxalq təcrübə əsasında qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər verəcək, tütünlə mübarizənin gücləndirilməsinə dəstək kampaniyalarında iştirak edəcəkdir. TMQ “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası üzrə Səhiyyə Nazirliyinin nəzdində təşkil edilmiş İcra və Əlaqələndirmə Qrupu (İƏQ), İSİM, aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət olacaq.

Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində həyata keçiriləcək fəaliyyətlərin əsas məqsədi hökumət və vətəndaş cəmiyyəti ilə birgə Azərbaycan Respublikasının tütünlə mübarizəyə aid müvafiq qanunvericiliyini gücləndirmək, tütün məmulatlarının reklamına, satışın stimullaşdırılmasına və sponsorluğuna qarşı tam qadağanedici tədbirləri tətbiq etmək, eyni zamanda tütün tüstüsündən azad ictimai yerlər yaratmaqdır. Qarşıya qoyulan məqsədə nail olmaq üçün tütün məmulatlarının satışı və reklamına, eləcə də tütün çəkilməsi qadağan edilən yerlərə dair qüvvədə olan milli qanunvericiliyi "Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyası"nın 8-ci və 13-cü maddələrinə, həmçinin beynəlxalq təcrübə və normalara uyğunlaşdırılması, vətəndaş cəmiyyəti və qərar qəbul edən şəxslərlə birgə müvafiq qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur. Bu işin daha səmərəli aparılması üçün onun geniş dəstəklənməsi və kompleks təbliğat tədbirlərinin həyata keçirilməsi vəzifələri ön planda dayanır.

Son xəbərlər

Orphus sistemi