Yuxarı

Tədris Cərrahiyyə Klinikasında hamiləykən ürəyinə mexaniki klapan yerləşdirilən qadın ana olub

Ölkədə ilk dəfə olaraq belə halda qeysəriyyə əməliyyatı ilə doğulan oğlan uşağının çəkisi 3 kq 600 qramdır

Bakı. 22 fevral. REPORT.AZ/ Ötən ilin dekabr ayının əvvəllərində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkimləri tərəfindən ölkədə ilk dəfə olaraq hamilə qadının ürəyində əməliyyat aparılaraq, onun mexaniki klapanı dəyişdirilib. ATU-dan "Report"a verilən məlumata görə, dünyada üçüncü belə uğurlu əməliyyat olub: "Çünkü burdakı təhlükə - əməliyyat zamanı hamilə xanımın bədən temperaturunu 33ºC qədər düşürülməsidir, bu vəziyyət isə döl ürəyinin fəaliyyətini dayandırma təhlükəsini artırır".

36 yaşlı qadın bu günlərdə artıq körpəsini dünyaya gətirib. Qeysəriyyə əməliyyatı ilə doğulan oğlan uşağının çəkisi 3 kq 600 qram, boyu 49 sm-dir.

Əməliyyatı həyata keçirən Ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun sözlərinə görə, hamilə qadın doğuşdan bir həftə əvvəl xəstəxanaya yatızdırılıb. Bir həftə ərzində onun üzərində doğuşa hazırlıq prosesi aparılıb (ürəyində mexaniki qapaq olduğundan yüksək dozada qan sulandırıcı dərmanlar alıb). Uşaq əvvəlcədən planlaşdırıldığı kimi, keysəriyyə əməliyyatı ilə doğulub. Əməliyyatda təcrübəli anestezioloq, kardioloq, kardiocərrah və ginekoloqlardan ibarət böyük bir həkim briqadası iştirak edib, onların səyi nəticəsində körpə sağlam dünyaya gətirilib.

Qeyd edək ki, qadın 3 il əvvəl aorta qapaq stenozu problemi ilə həkimlərə müraciət edib. Xəstədə ürəyin aorta qapağının protezləşdirilməsi əməliyyatı icra edilib, mexaniki klapan yerləşdirilib. Əməliyyatdan sonrakı dönəmdə hansısa bir problem yaranmayıb. Lakin qadın hamilə qalmaq istəyib.

Həkimlər buna etiraz edərək hamiləliyin ona əks göstəriş olduğunu, dölün salamat qalması ehtimalının çox az olduğunu izah edilib. Buna baxmayaraq, özü də həkim olan qadın hamiləliyə qərar verib. Hamiləlik müddətində xəstənin vəziyyəti pisləşib, mexaniki klapanın trombozlaşması aşkarlanıb. Bu cür hallarda tək çıxış yolu yenidən əməliyyat olunması olduğu üçün qadın təcili əməliyyata alınıb: onun bədəninin hərarəti düşürülüb, ürəyi dayandırılıb və süni qan dövranına qoşulub. Bu cür əməliyyatlarda dölü itirmək təhlükəsi çox böyükdür. Lakin əməliyyat uğurla keçib - həm ananı, həm dölü qurtarmaq mümkün olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi