Səhiyyə Nazirliyi Oğuz, Balakən və Şəki rayonlarının tibb müəssisələrinə press-tur təşkil edib

Səhiyyə Nazirliyi Oğuz, Balakən və Şəki rayonlarının tibb müəssisələrinə press-tur təşkil edib Mətbuat nümayəndələrinin Şəki Xan sarayı, Kiş kəndindəki Alban məbədinə ziyarəti də təşkil olunub
Sağlamlıq
4 İyul , 2016 14:14
Səhiyyə Nazirliyi Oğuz, Balakən və Şəki rayonlarının tibb müəssisələrinə press-tur təşkil edib

Bakı. 4 iyul. REPORT.AZ/ Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssisələrində yaradılan şəraitlə, görülən işlərlə tanış olmaq və real vəziyyətlə bağlı əhalini məlumatlandırmaq məqsədi ilə Oğuz, Balakən və Şəki rayonlarına press-tur təşkil edib.

“Report” xəbər verir ki, media nümayəndələri adıçəkilən rayonların xəstəxanalarında yaradılan şəraitlə tanış olub, həkimlərlə söhbətləşiblər.

KİV təmsilçilərinin baş çəkdikləri ilk ünvan Oğuz Rayon Mərkəzi Xəstəxanası olub. Xəstəxananın baş həkiminin müavini İradə Məmmədova məlumat verib ki, tibb ocağı 2009-cu ildə istifadəyə verilib: “Burada 2 min insana xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb. Xəstəxanada rentgen, filioqraf aparatı, USM, exokardioqrafiya, laboratoriya və digər xidmətlər var. Eyni zamanda, dərman təminatı da yüksək səviyyədə təşkil edilib. Bundan başqa, nikaha girən cütlüklər də burada müayinə olunur”.

Onun sözlərinə görə, xəstəxanaya gün ərzində təxminən 100-120 xəstə müraciət edir: "Onların içərisində şəkərli diabet xəstələri çoxluq təşkil edir. Turizm zonası olduğundan əcnəbilər də xəstəxanamıza müraciət edirlər. Oğuzda infeksion xəstəliklərə demək olar çox az hallarda rast gəlinir. Çünki burada əhalinin sıxlığı azdır. Eyni zamanda, son illərdə ana və uşaq ölümü halları da müşahidə olunmayıb. Bu hal çox nadir hallarda qeydə alınır”. 

Baş həkimin müavini deyib ki, hazırda rayon üzrə 72 həkim var: “Onlardan 35-i xəstəxanamızda çalışır. Dar ixtisaslı kadrlar üzrə 23 vakant yer var. Uroloq, travmatoloq, kardioloq üzrə kadr yerlərimiz boşdur. Buna səbəb gənc kadrların rayon xəstəxanalarında çalışmaq istəməməsidir”.

Bunda sonra media nümayəndələri Balakən Rayon Mərkəzi Xəstəxanasında olublar. Xəstəxana barədə jurnalistlərə məlumat verən tibb müəssisəsinin baş həkimi Hacıömər Nuriyev vurğulayıb ki, xəstəxana 2011-ci ildə istifadəyə verilib: “Xəstəxanada 15 şöbə fəaliyyət göstərir. Şöbələrin hamısında kadrların yerləşməsi bütün ixtisaslar üzrə tam təmin edilib. Poliklinika şöbəsində rentgen kabinetində, kardiologiya, oftalmologiya, qastroskopiya və kolonoskopiya kabinetləri var. Respublikanın şimal-qərb bölgəsi stomatoloji xəstəliklərə görə endemik zonadır. Ona görə də bölgədə yaşayan insanların bu xidmətə böyük ehtiyac duyduğu nəzərə alınaraq xəstəxanada 3 stomatologiya kabineti yaradılıb”. 

Onun sözlərinə görə, hazırda xəstəxanada 7 boş yer var: “Onkologiya, urologiya, əczaçı və 3 ailə həkimi vəzifəsi vakansiyadadır. Xəstəxanada 148 həkim, 504 orta tibb işçisi çalışır. Balakən ucqar zona və rütubətli olduğundan əsasən ağciyər, bronxit, eləcə də onurğa və revmatizm xəstəliklərinə meyllilik çoxdur. Ona görə də müraciətlərin çoxluğu bu xəstəliklər üzrədir”- deyə baş həkim əlavə edib.

Press-turun son ünvanı Şəki Rayon Mərkəzi Xəstəxanası olub. Tibb müəssisəsinin baş həkimi Məcid Əliyev jurnalistlərə deyib ki, 100 çarpayılıq xəstəxana 2011-ci ilin noyabrında istifadəyə verilib: “Əsas bina 6 korpusdan ibarətdir. Burada təcili tibbi yardım, reanimasiya, iki cərrahiyyə, onkoloji xəstəliklər, göz xəstəlikləri, diaqnostika, laboratoriya, dializ və poliklinika, hemodializ şöbələri fəaliyyət göstərir. Şöbələrdə quraşdırılan avadanlıq tibb elminin ən son nailiyyətlərinə əsaslanır. Burada ultrasəslə müayinə, hemodializ, anesteziya avadanlığı, rentgenoqrafiya, kompüter-tomoqrafiya, laboratoriya, süni nəfəs aparatları quraşdırılıb. Bundan başqa, burada 8 hemodializ korpusu var. Hemodializ şöbəsində 40-a yaxın xəstəyə yardım edilir. Əvvəllər xəstələr və onların yaxınları hemodializ əməliyyatı üçün ya Bakıya, yaxud da yaxın rayonlardakı diaqnostika mərkəzlərinə getməli olurdular. Artıq xəstələr üçün burada bütün şərait var. Xəstəxanada həmçinin müasir 4D ultrasəslə müayinə aparatı qoyulub”.

Onun sözlərinə görə, xəstəxana xarici ölkələrdə hazırlıq kursları keçmiş tibb işçiləri ilə təmin edilib: “Xəstəxanada 450-yə yaxın həkim çalışır. Bütün ixtisaslar üzrə cəmi 1-2 vakant yer var. Bu il üçün 5 nəfər ilan sancması ilə bağlı müraciət edib və onların hər birinə zərdab vurulub. İlan sancması ilə bağlı heç bir ağırlaşma faktı qeydə alınmayıb". 

Sonda media nümayəndələrinin Şəki Xan sarayı, Kiş kəndindəki Alban məbədinə ziyarəti də təşkil edilib. Eyni zamanda, Şəkinin Ortaban kəndində yerləşən sahibkar Etibar Nuriyevin “Yaşıl məkan” fərdi təsərrüfatına baxış olub.  

Son xəbərlər

Orphus sistemi