Nazirliyin Mətbuat xidmətindən "Report"a daxil olan açıqlamada deyilir:
"Teymur Kərimov iki ay əvvəl anasının müalicəsi ilə əlaqədar Səhiyyə Nazirliyinin Qəbul şöbəsinə müraciət edib və şöbə müdiri tərəfindən qəbul edilib. Onun anasına dövlət hesabına mümkün olan müalicə kursları yazılıb. Belə ki, xəstə, 1963-ci il təvəllüdlü Fiqurə Kərimova, 2019-cü il fevral ayından ET Hematologiya və Transfuziologiya İnstitutunda çoxsaylı mielom, 3-cü B mərhələsi, xroniki böyrək çatışmazlığı diaqnozu ilə dispanser qeydiyyatına alınıb. Diaqnoz laborator /qanın ümumi müayinəsi, biokimyəvi müayinələr, immunoloji testlər, sümük iliyinin müayinəsi, instrumental və klinik müayinələr əsasında qoyulub. Xəstəyə protokol üzrə VCD /velkeyd, sikofosfan, deksametazon/ kursu aparılıb, bununla yanaşı xəstəyə bifosfonatlar, eritropoetin, eritrosit və trombosit kütləsi transfuziyaları aparılıb. Hal-hazırda xəstə ambulator müalicədədir.
Protokol üzrə xəstəyə 4 kurs ambulator müalicə aparılıb. Xəstə eləcə də xroniki böyrək çatışmazlığı ilə əlaqədar dializ müalicəsi alır.
Edilən müalicəyə baxmayaraq, xəstənin oğlu Teymur Kərimov nazirliyin mətbuat xidmətinə zəng edərək, xidmət əməkdaşlarından biri ilə telefon danışığını yazmasını və həmin yazını sosial şəbəkələrdə yayacağı ilə şantaj edib. Şənbə günü isə Nazirliyin qarşısında səs-küy salaraq anasına edilən müalicələrin pullu olmasını iddia edib. Bu adamın Nazirliyə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və həqiqətə uyğun deyil. Xəstəyə aparılan müalicə kursları müasir protokollara uyğun olaraq aparılır. Protokola daxil olan preparatlar innavasion dərman preparatlarıdır /hədəf terapiyası/ İnstitut bu preparatlarla Onkohematoloji xəstələrə yardım Dövlət proqramının həyata keçirilməsi ilə tam təmin olunur. Onu da qeyd edək ki, Teymur Kərimovun anası və digər ailə üzvləri müayinə və müalicələrlə bağlı heç bir narazılıq bildirməyib. Hematologiya institutundan mətbuat xidmətinə bildiriblər ki, Fiqurə Kərimovanın müalicə kursları protokollara uyğun olaraq davam edir".