Yuxarı
    Bağlamaq

    Oqtay Şirəliyev: "Əməliyyatdan sonra ölüm halları dəfələrlə azalıb"

    Əminliklə deyə bilərik ki, ölkənin səhiyyə ocaqlarında vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərilir

    Bakı. 17 iyun. REPORT.AZ/ "İndi artıq əminliklə deyə bilərik ki, ölkənin səhiyyə ocaqlarında Azərbaycan vətəndaşlarına yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər bir şərait yaradılıb". "Report" xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

    Nazirin sözlərinə görə, bu, həm səhiyyə müəssisələrinin tikintisi və əsaslı təmiri, həm müasir cihazlarla təchizatı, həm də avadanlıqla, dərman vasitələri ilə təminatına aiddir: "Əgər cəmi 5 il əvvəl biz əhalinin dövlət tibb müəssisələrinə etibarını qazanmağa çalışırdıqsa, müraciətlərin sayının çoxalmasına sevinirdiksə, indi bu vəzifələr artıq çoxdan həll edilib. Artıq ölkədə əvvəllər, ümumiyyətlə, olunmayan çox mürəkkəb əməliyyatlar aparılır, o cümlədən böyrəkköçürmə, qaraciyər transplantasiyası, açıq ürək əməliyyatları geniş vüsət alıb, dünyanın ancaq ən qabaqcıl dövlətlərində həyata keçirilən digər çətin əməliyyatlar edilir. Bu ildən etibarən daha bir yenilik Yanıq Mərkəzində plastik rekonstruktiv cərrahiyyə əməliyyatlarının icra edilməsidir. Özü də cərrahiyyədə tək kəmiyyət artmayıb, həm də keyfiyyət yüksəlib. Yəni əməliyyatların sayı artsa da, əməliyyatdan sonra ölüm halları dəfələrlə azalıb".

    Nazir deyib ki, səhiyyə sahəsində dövlət proqramları uğurla yerinə yetirilir: "İrsi qan xəstəlikləri ilə mübarizədə ciddi irəliləyişlər var. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin istifadəyə verilməsi ölkə üçün aktual problem olan talassemiya xəstələrinin müalicə imkanlarını genişləndirib. Keçən ildən etibarən isə bu mərkəzdə yalnız yüksək inkişaf etmiş səhiyyəyə malik ölkələrdə icra edilən sümük iliyi transplantasiyası əməliyyatlarına başlanılıb və artıq 16 xəstə əməliyyat olunub".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi