Yuxarı

Onurğa problemləri zamanı nəyə diqqət etmək lazımdır?

Fərid Qaralov: Bəzən onurğanın bütün nahiyələrində - məsələn boyun, döş, bel, oma nahiyəsində də ağrılar olur

Bakı. 5 noyabr. REPORT.AZ/ "Bəzən onurğanın bütün nahiyələrində - məsələn boyun, döş, bel, oma nahiyəsində də ağrılar olur. Amma daha çox buna bel-oma ətrafında rast gəlinir". 

"Report" xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının neyrocərrahiyyə şöbəsinin müdiri Fərid Qaralov deyib. 

O, onurğanın dar kanalı, yəni "Spinal Stenozis" və fəqərələr arası diskin sürüşməsi, yəni "spondilodispezis" kimi xəstəliklərin kifayət qədər geniş yayıldığını bildirib. 

F.Qaralov "Spinal Stenozis" adlandırılan xəstəlik haqqında danışıb: "Onurğa beyninin içində bir onurğa kanalı yerləşir ki, onun ölçüləri hər bir insanın öz orqanizminə uyğundur. Bəzən bu ölçünün daralması və dolayısıyla həmin onurğa beyninin sıxılması nəticəsində əmələ gələn bir xəstəlik qrupu "Spinal Stenozis"dir. Bu xəstəliyin ilk əlaməti bel ağrılarıdır. Xəstədə xroniki ağrıların olması, hərəkətin çətinləşməsi, əllərdə və ayaqlarda gücsüzlük, keyimənin olması, daha sonra yerişin pozulması və nəticədə sidik qaçırtma əlamətləri ortaya çıxa bilər".

F.Qaralov qeyd edib ki, xəstənin şikayətlərini dinləyəndən, həm də xəstəliyə uyğun radioloji görüntüsünə baxandan sonra əməliyyatın vacib olub-olmamasına dair qərar verilir: "Dar onurğa kanalı ilə bağlı xəstəliklərə xas olan xüsusiyyətlərdən biri də xəstənin müəyyən bir məsafəni yeridikdən sonra oturmağa məcbur olmasıdır. Məsələn, elə xəstələr var ki, 1 km gəzəndən sonra ayaqları ağrıyır və oturmalı olur. Bu, onurğanın bel nahiyəsindəki kanallarda problemdən xəbər verir. Amma xəstə artıq 500 metrdən, 100 metrdən, hətta bəzən 1-2 metrdən sonra ağrıdan gəzə bilmirsə, onda belə xəstəyə əməliyyat vacibdir".

Xəstəlik zamanı hansı növ əməliyyatların aparıldığına toxunan şöbə müdiri əlavə edib ki, əməliyyat zamanı həmin dar onurğa kanalı xüsusi hazırlanmış metal fiksatorlar vasitəsilə fiksə olunur, daha sonra onurğanın həmin hissəsi aradan qaldırılaraq onurğa beyninə birləşdirilir: "Əməliyyatın məqsədi bundan ibarətdir. Bu, texniki olaraq ən çox icra etdiyimiz cərrahiyyə əməliyyatlarından biridir. Bu xəstəlik əsasən orta və daha böyük yaş qruplarında müşahidə olunur".

Hazırda bir çoxlarının onurğada disk sürüşməsi, yırtıqlardan şikayətləndiyini deyən mütəxəssis vurğulayıb ki, insanların bel sürüşməsi adlandırdığı bu xəstəliyin tibbi adı "spenal spondilodispezis"dir: "Bu xəstəlik həm travmadan sonra, yaxud da müəyyən yaş həddindən sonra əmələ gələ bilər. Bu zaman fəqərələrin bir-birinin üzərində normal düzülüş ardıcıllığı pozulur. Belə xəstələrdə disk sürüşməsi olan nahiyədə şiddətli ağrılar olur. Adətən, uzananda bu ağrılar nisbətən azalır. Lakin ayağa qalxıb yeridikdə isə ağrılar olduqca şiddətlənir. Beləliklə, disk sürüşməsində də bir çox hallarda xəstəliyin ilkin əlaməti bel ağrısıdır. Lakin xəstədə ayaq ağrıları, gücsüzlük də müşahidə oluna bilər. Bu zaman cərrahiyyə əməliyyatında qeyri-stabil, sürüşmüş nahiyyə fiksatorlar vasitəsilə fiksə olunur və sürüşmə aradan qaldırılır. Xəstələr bu əməliyyatdan sonra ağrılardan xilas olur, öz normal həyatlarına davam edə bilirlər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi