Yuxarı
    Bağlamaq

    Mehriban Əliyeva beynəlxalq təşkilatın mükafatına layiq görülüb

    Mükafat və fəxri diplom Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırılmaq üçün səhiyyə naziri Oqtay Şirəliyevə təqdim olunub

    Bakı. 11 iyul. REPORT.AZ/ Bakıda işinə başlayan Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) 23-cü konqresinin iyulun 11-də rəsmi açılış mərasimi olub.

    “Report”un xəbərinə görə, Bakı konqresi Assosiasiyanın 50 illik qızıl yubiley konqresidir. Tədbirin təşkilində əsas məqsəd DTHA-nın növbəti yarıməsrlik tarixini başlamaq üçün tibbi hüquq, bioetika, məhkəmə təbabəti və məhkəmə ekspertizası üzrə dünyanın aparıcı mütəxəssislərinin öz bilik və təcrübələrini bölüşməkdir. Konqresin əsas mövzusu "Tibbi hüquq, bioetika və multikulturalizm"dir.

    Açılış mərasimində çıxış edən DTHA təsisçilərindən biri və hazırkı prezidenti, professor Tomas Noquçi konqresin əhəmiyyətini vurğulayıb.

    Tibbi hüquq, bioetika və multikulturalizmin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva Dünya Tibbi Hüquq Assosiasiyasının 50 illik Qızıl yubiley mükafatı və fəxri diplomu ilə təltif olunub. Mehriban xanım Əliyeva postsovet məkanında evtanaziyanın bioetik və hüquqi aspektlərini elmi cəhətdən tədqiq edən ilk alimlərdəndir. DTHA-nın təltifləri Mehriban xanım Əliyevanın bu sahədə apardığı elmi işlərinin nəticələrinin əhəmiyyətini, onun səhiyyə, təhsil və elm sahəsində rəhbərlik etdiyi layihələri, eləcə də sülh, tolerantlıq və qlobal təhlükəsizliyin dünyada bərqərar olması naminə müxtəlif sivilizasiyalar və dinlərarası multikultural dialoqun təmini və təbliğində səylərinin beynəlxalq elmi ictimaiyyət və hüquqşünaslar tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.

    Mükafat və fəxri diplom Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırılmaq üçün səhiyyə naziri Oqtay Şirəliyevə təqdim edilib.

    Bakı konqresində dünyanın aparıcı universitetlərinin professor-müəllim heyətinin 130-dan çox məruzəsi dinləniləcək, 100-ə yaxın poster təqdim olunacaq. Konqresin elmi proqramına təqribən 275 tezis daxil edilib. Məruzələrin tezisləri beynəlxalq "Tibb və hüquq" elmi jurnalında nəşr olunacaq.

    Qeyd edək ki, DTHA 1967-ci ildə Belçikada tibbi hüquq sahəsində multikultural və fənnlərarası problemlərin tədqiqatı məqsədilə hüquq və məhkəmə təbabəti üzrə bir qrup tanınmış mütəxəssis tərəfindən yaradılıb. Qurum UNESCO, Dünya Səhiyyə Təşkilatı, Beynəlxalq Cinayət Məhkəməsi və bir çox milli peşəkar assosiasiyalar ilə əməkdaşlıq edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi