Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası imtahanlarda iştirak etmək üçün 11 705 nəfərə "Buraxılış vərəqəsi" verib

Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası imtahanlarda iştirak etmək üçün 11 705 nəfərə "Buraxılış vərəqəsi" verib İmtahanlardan birinci cəhddən 268 nəfər keçə bilməyib
Sağlamlıq
1 Dekabr , 2015 11:06
Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası imtahanlarda iştirak etmək üçün 11 705 nəfərə Buraxılış vərəqəsi verib

Bakı. 1 dekabr. REPORT.AZ/ Bu ilin yanvar- noyabr ayları ərzində Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikasiya imtahanlarında iştirak etmək üçün 11 705 nəfərə "Buraxılış vərəqəsi" təqdim edilib. Nazirlikdən "Report"a verilən xəbərə görə, imtahanlardan birinci cəhddən 268 nəfər keçə bilməyib.

Ümumilikdə isə "Buraxılış vərəqəsi" alan 10 002 nəfər imtahanlardan uğurla keçib. İmtahanlarda iştirak edənlərin 4 346 nəfəri 90 baldan çox, 4 317 nəfəri 75-90 arası, 1 339 nəfəri isə 60-75 arası bal toplayıb.

Nazirlikdən bildirilib ki, ilin sonuna qədər keçiriləcək test imtahanlarında iştirak etmək üçün daha 1 880 nəfərə yaxın namizəd artıq qeydə alınıb.

Test imtahanı və müsabiqələrdə iştirak edənlərin əksəriyyəti Terapiya, Pediatriya, Stomatologiya, Anesteziologiya – reanimatologiya, Kardiologiya və Laboratoriya işi ixtisasları üzrə müraciət edənlərdir. Orta tibb işçiləri üzrə isə tibb bacısı, mama və feldşer ixtisasları üstünlük təşkil edir.

Xatırladaq ki, sertifikasiyanın məqsədi əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və ölkədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılmasıdır. Sertifikasiya prosesinə 5 ildə bir dəfə ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri cəlb olunur.

Son xəbərlər

Orphus sistemi