Baş direktor: "Günəşli" yatağından xilas edilən və hazırda xəstəxanada olan 9 neftçinin səhhəti sabitdir"

Baş direktor: "Günəşli" yatağından xilas edilən və hazırda xəstəxanada olan 9 neftçinin səhhəti sabitdir" Leyla Seyidbəyli: "Xəstəxanadan evə buraxılan 21 nəfər bu gün yenidən müayinəyə gələcək"
Sağlamlıq
7 Dekabr , 2015 10:35
Baş direktor: Günəşli yatağından xilas edilən və hazırda xəstəxanada olan 9 neftçinin səhhəti sabitdir

Bakı. 7 dekabr. REPORT.AZ/ ""Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən 9 nəfərin səhhəti sabitdir". Bunu "Report"a açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyli deyib. 

O qeyd edib ki, xəstələrin həyatları üçün heç bir təhlükə yoxdur və bütün müalicələri lazımi şəkildə alırlar: "Xəstələrdən yalnız bir nəfər əməliyyat olunub ki, o da özülün rəisi Allahverdi Məmmədovdur. Onun da vəziyyəti normaldır". 

Baş direktorun sözlərinə görə, dekabrın 6-da daha bir xəstə - 1976-cı il təvəllüdlü İsmayıl Mehdiyev ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, lakin özünü pis hiss etdiyindən yenidən xəstəxanaya qaytarılıb: "İsmayıl Mehdiyev xəstəxanada olanda biz ona təklif etmişdik ki, burada qalsın. Ancaq o, təkidlə evə istədiyindən, getməsinə razılıq verməyə məcbur olduq. Hazırda səhhətində ciddi problem yoxdur. Şok vəziyyətində olduğuna görə, bir az qorxmuşdu.  Sadəcə, nəzarət altında olması üçün xəstəxanada qalması məsləhət görülüb".

L.Seyidbəyli qeyd edib ki, xəstəxanadan evə buraxılan 21 nəfər dekabrın 7-də yenidən müayinəyə gələcək: "Çünki onlar bizim xəstəxananın poliklinikasında qeydiyyatdadır". 

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi