Gürcüstan azərbaycanlıları üçün növbəti pulsuz müayinə və müalicə aksiyası keçirilib

Gürcüstan azərbaycanlıları üçün növbəti pulsuz müayinə və müalicə aksiyası keçirilib Aksiya “Sağlam yaşam” layihəsi çərçivəsində təşkil olunub
Sağlamlıq
3 Aprel , 2017 21:57
Gürcüstan azərbaycanlıları üçün növbəti pulsuz müayinə və müalicə aksiyası keçirilib

Tbilisi. 3 aprel. REPORT.AZ/ Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Ağbulaq rayonunun Kosalar kəndində növbəti pulsuz müayinə və müalicə aksiyası keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiya Gürcüstan Aktiv Qadınlar Assosiasiyasının təşəbbüsü ilə reallaşdırılan “Sağlam yaşam” layihəsi çərçivəsində təşkil olunub.

Tbilisidə fəaliyyət göstərən “LANCET” Tibb Mərkəzinin 15-dən çox yüksək ixtisaslı həkimi Kosalar kəndində 150-dən çox soydaşımızı müayinə edib. Onlara məsləhətlər, müalicə üçün lazımı göndərişlər verilib.

Gürcüstan Aktiv Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva “Report”a müsahibəsinə deyib:

“Kosalar kəndi rayon mərkəzindən xeyli aralıdır. Bu kəndin yolları da bərbad haldadır. İnsanlar xəstələnəndə çox acınacaqlı vəziyyət yaranır. Bəzilərinin isə rayon mərkəzinə gedib müayinə və müalicə üçün maddi imkanları yoxdur. Aksiyanı təşkil etməkdə məqsədimiz soydaşlarımıza qayğı göstərmək, onların problemlərini həll etməkdir. “Lancet” klinikasının rəhbərliyi bizim təşəbbüsümüzü bəyəndi və azərbaycanlıların pulsuz müayinə və müalicəsini öz üzərinə götürdü. Buna görə də klinikanın rəhbərliyinə minnətdarlıq edirik”.

G.Mustafayevanın sözlərinə görə, belə aksiyalar davamlı olacaq və Gürcüstanın başqa bölgələrində yaşayan soydaşlarımızın da pulsuz müayinə və müalicəsini təşkil olunacaq.

Klinikanın şöbə müdiri Miranda Kvavilaşvili bildirib ki, kardioloq, terapevt, travmatoloq, endokrinoloq həkimlər müxtəlif avadanlıq vasitəsilə xəstələri müayinə ediblər. Xəstələrə düzgün diaqnoz qoyulur, onlara müvafiq məsləhətlər verilir. Çalışırıq ki, onların problemlərini həll edək. İnanırıq ki, bunun müsbət nəticəsi olacaq.

Son xəbərlər

Orphus sistemi