Azərbaycanda din xadimlərinin xəstələrə mənəvi dəstək göstərməsi təklif edilir

Azərbaycanda din xadimlərinin xəstələrə mənəvi dəstək göstərməsi təklif edilir Psixoloq: "Bu istiqamətdə fəaliyyət göstərəcək yetəri qədər kadr yoxdur"
Sağlamlıq
13 Yanvar , 2015 09:50
Azərbaycanda din xadimlərinin xəstələrə mənəvi dəstək göstərməsi təklif edilir

Bakı. 13 yanvar. REPORT.AZ/ Bir sıra Avropa ölkələrində xəstəxanalarda xəstələrə və onların qohumlarına din xadimləri tərəfindən mənəvi dəstək göstərilir. Bu proses Türkiyədə də yenicə başlayıb. "Report"un xəbərinə görə, yerli ekspertler bu xidmətin Azərbaycanda da tətbiq olunmasını təklif edir.

Müstəqil ekspert, tibb elmləri doktoru, professor Adil Qeybulla "Report"a açıqlamasında xatırladıb ki, bu məsələ bir neçə il bundan əvvəl qabardılmışdı: "Azərbaycan xalqı xeyli təlatümlər yaşayıb. Belə ki, bir milyondan çox insan öz yaşayış yerini tərk edib, məcburi köçkün vəziyyətində yaşayır. Bu cür çətin stresdən çıxmaq üçün əhalinin psixi reabilitasiyaya ehtiyacı var. Bu, həm kütləvi informasiya vasitəsi ilə, həm fərdi, həm də müxtəlif formada dövlət səviyyəsində aparıla bilər".

Ekspert qeyd edir ki, tibb müəssisələrində müalicə alanlara, xüsusilə də ağır xəstələrə, eləcə də onkoloji xəstələrin özləri və yaxınlarına mənəvi dəstək göstərilməsi vacibdir: "Sadəcə, bu xidmətin mexanizmləri işlənib hazırlanmalıdır. Mənəvi dəstək xidmətində din xadimləri dini yöndən insanları sakitləşdirə, yaxud da başqa bir formada onlara mənəvi dəstək verə bilər. Eyni zamanda,  psixoloqun olması da məqsədəuyğun olardı. Xidmətin Azərbaycanda tətbiq olunması məsələsinə gəlincə, ölkəmiz dünya təbabətinin ayrılmaz hissəsi olduğundan, qloballaşan dünyada qəbul edilən bütün vacib qərarlar təbii ki, bizdən də yan keçməyəcək".

Psixoloq Elnur Rüstəmov isə "Report"a deyib ki, Azərbaycandakı xəstəxanalarda xəstələrə və onların yaxınlarına din xadimləri tərəfindən mənəvi dəstək xidmətinin göstərilməsinə böyük ehtiyac var: "Çünki son vaxtlar nəinki Azərbaycanda, eləcə də dünyada baş verən proseslər göstərir ki, insanların daha çox mənəvi dəstəyə ehtiyacı var. Burada həm dini, həm də psixoloji dəstəkdən söhbət gedir".

Azərbaycandakı xəstəxanaların əksəriyyətində psixoloji yardımın göstərilmədiyindən təəssüf hissi keçirən psixoloq E.Rüstəmov əlavə edib ki, əməliyyata girən insanlar əvvəlcədən psixoloji gərginlik yaşayırlar: "Buna görə də mənəvi xidmətin olması mütləqdir. Problem ondan ibarətdir ki, bu istiqamətdə fəaliyyət göstərəcək yetərli sayda kadr yoxdur. Çünki burda göstərilən xidmət spesifikdir. Hər din xadimi mənəvi dəstək verə bilməz, ona görə də, peşəkar mütəxəssis hazırlanmalıdır. Eyni zamanda, hər psixoloq da bu istiqamətdə işləyə bilməz. Hətta Avropada belə bir məsələ qaldırılıb ki, həkimlərin özlərinə psixoloq və psixoterapevt diplomu verilsin. Çünki müraciət edən xəstələrin də dərmandan daha çox mənəvi dəstəyə ehtiyacı var".

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli isə "Report"a açıqlamasında bunun çox yaxşı ideya olduğunu deyib: "Digər ölkələrdə varsa, Azərbaycanda da tətbiq  edilməsi yaxşı olar. Çünki xəstə olan insana və onun yaxınlarına sözsüz ki, mənəvi dəstək lazımdır. Eyni zamanda, insanın sağalması üçün də psixoloji yardıma ehtiyacı var. Din xadimləri də həmin inamı insanlara aşılaya bilər. Yəni, dinin bu məsələlərdə rolu çox böyükdür. Çünki insan kritik dövrdə Allaha sığınaraq həmin çətin vəziyyətdən çıxa bilir. Ona görə də hesab edirəm ki, belə bir təcrübənin Azərbaycanda tətbiq edilməsi labüddür. Bu xidmətlə bağlı Qafqaz Müsəlmanları İdarəsi təşəbbüs irəli sürə bilər. Hətta tərəfimizdən müəyyən təkliflər də səsləndirilə bilər ki, bu təcrübə öyrəlinilsin və ölkədə tətbiq edilməsi istiqamətində addımlar atılsın".

Deputat Fazil Mustafa isə "Report"a açıqlamasında bildirib ki, ilk öncə din xadimlərinin özlərinə mənəvi yardım göstərmək lazımdır: "Çünki bir çoxu mənəvi tərəfdən problemləri olan mövqelərə sahibdirlər. Ona görə də, onlar xəstələrə nə yardımı edəcəklər? Bu məsələdə isə sadəcə xeyirxah insanların, eləcə də dünya görmüş insanların həmin xəstələrə hansısa dəstək vermək imkanı ola bilər. Lakin bu, daha çox sosial baxımdan inkişaf etmiş dövlətlərdə ola bilər".

F.Mustafa qeyd edib ki, həmin xidməti Azərbaycanda tətbiq etmək çətin məsələdir: "Xristian dövlətlərində yayılmış haldır ki, kiminsə dərdi olanda keşişə deyə bilər. Lakin islam dinində "dərdimi mollaya söylədim" anlayışı yoxdur. Çünki Allahla qul arasında vasitəçi yoxdur. Bu baxımdan, mövcud xidmətin Azərbaycanda institut qaydasında tətbiq olunması problemli məsələdir. Bunun əvəzində, ölkədə tibbi sığortanı gücləndirmək lazımdır ki, insanlar çətinlik çəkmədən müayinə oluna bilsinlər".

F. Mustafa, əlavə edib ki, Türkiyədə tibbi sosial sığorta olduğundan mənəvi dəstək xidmətini həyata keçirmək asandır: "Ona görə də, Azərbaycanda ilk olaraq maddi yardım olunsun ki, ardınca da din xadimlərini xəstələrə mənəvi dəstək olmağa göndərə bilək. Çünki xəstəxanaya gedənlərə deyəcəklər ki, dərman almağa pulum yoxdur. İdeya olaraq çox humanist bir addım olmasına baxmayaraq, ölkədəki reallıqlara nəzər yetirmək lazımdır".

Qeyd edək ki, Türkiyədə xəstələrə və onların qohumlarına mənəvi dəstək göstəriləcək. Artıq məsələ bağlı ölkənin Səhiyyə Nazirliyi və Diyanət İşləri Başqanlığı arasında protokol imzalanıb.

İmzalanma mərasimində çıxış edən ölkənin səhiyyə naziri Mehmet Müəzzinoğlu deyib ki, inanc dəyərlərinə önəm verən, motivasiyalarına dəstək lazım olduğunu düşünən bütün xəstələrə və onların yaxınlarına bu sahə üçün təhsil alan din xadimləri lazım olan mənəvi dəstəyi verəcəklər.

Diyanət İşləri Başqanlığının məsələ üzərində 2012-ci ildən işlədiyini, Avropa və ABŞ-ın təcrübələrinin təhlil olunduğunu, eləcə də din xadimlərinə lazımi təlimlər verildiyini qeyd edən səhiyyə naziri bildirib ki, bu tədbirlər ilk olaraq bəzi rayonlarda tətbiq ediləcək: "İnsanlara ruhən köməklik göstərilməsi də önəmlidir. Məhz buna görə də bu addımı atmaq qərarına gəldik. Hətta gələcəkdə din xadimlərinin sayının artırılmasını da planlaşdırırıq".

Diyanət İşləri Vəqfinin rəhbəri Mehmet Görməz isə deyib ki, nazirliklə birgə 30 il gecikmiş bir məsələ gerçəkləşdirilir: "Bu xidmət dünyada 1930-cu ildən tətbiq edilir. Türkiyədə isə bu xidmət 2012-ci ildən həyata keçirilir. Bununla bağlı hətta 10 nəfər xaricə beynəlxalq təcrübəni öyrənmək üçün ezam olunmuşdu. Mənəvi dəstək xidmətinin ilk olaraq Ankara xəstəxanalarının ikisində tətbiq ediləcəyi nəzərdə tutulur".

Son xəbərlər

Orphus sistemi