Yuxarı

Tarif Şurasının rəsmisi: "Dərmanların qiymətinin tənzimlənməsi heç bir subyektivliyə yol verilmədən tətbiq olunur"

1110 dərman vasitəsinin qiyməti dekabrın 1-dən, 749 dərman vasitəsinin qiyməti isə gələn ayın 21-dən qüvvəyə minəcək

Bakı. 6 noyabr. REPORT.AZ/ "Dərman vasitələrinin qiymətlərlərinin tənzimlənməsi iə bağlı əczaçılıq subyektləri ilə mütəmadi müzakirələr aparılır. Bu müzakirələr ötən ilin dekabr ayında qanunvericiliyə müvafiq dəyişikliklər edildikdən dərhal sonra başlanıb və intensiv şəkildə davam etdirilib". "Report" xəbər verir ki, bunu Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov "Xalq" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, digər ölkələrdə tətbiq olunan model olduğu kimi Azərbaycanda tətbiq oluna bilməz: "Nə Fransa, İspaniya, İtaliya, Yunanısan, Türkiyə kimi ölkələrin, nə də postsovet məkanından Moldova və Ukrayna kimi ölkələrin təcrübəsindən Azərbaycanda olduğu kimi istifadə edilməsi məqsədəuyğun deyil. Tənzimləməyə başlamadan əvvəl adıçəkilən ölkələrlə yanaşı, digər bir sıra ölkələrin təcrübəsi də öyrənilmiş, nəticədə Azərbaycan üçün daha məqbul hesab edilən mexanizm formalaşdırılıb".

O, həmçinin qeyd edib ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da tətbiq edilən mexanizm mütəmadi olaraq təkmilləşdiriləcək: "Bu istiqamətdə firmaların sadəcə kommersiya və marketinq maraqlarına dayanmayan, həm əczaçılıq subyektlərinin, həm də istehlakçıların balanslaşdırılmış maraqlarını ifadə edən təklifləri diqqətə alınır, dəyərləndirilir, vahid yanaşma halına gətirilərək heç bir subyektivliyə yol verilmədən mexanizmə daxil edilməklə tətbiq olunur".

Təzyiq əleyhinə olan amlodipin, xolestirin tənzimləyici atorvastatin, qan durulaşdırıcı klopidoqrel tərkibli dərmanların qiymətlərinin 6-8 dəfə aşağı salındığını xatırladan Şura rəsmisinin sözlərinə görə, qurumun son qərarı ilə həmçinin, öskürək əleyhinə olan, xolesterin tənzimləyici, ağrıkəsici, mədə-bağırsaq sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri və s. ilə əlaqədar dərmanların qiymətləri dəfələrlə endirilib.

İ.Məcidov onu da əlavə edib ki, qiymətləri təsdiq edilən dərman vasitələrinin sayı 3000-i ötüb: "Bunlardan Şuranın əvvəlki qərarları ilə qiymətləri təsdiq edilmiş təsiredici maddə qrupuna aid olan 1151 dərman vasitəsinin qiyməti artıq qüvvədədir. Yeni təsiredici maddələr üzrə qiymətləri təsdiqlənən digər 1110 dərman vasitəsinin qiyməti dekabrın 1-dən, 749 dərman vasitəsinin qiyməti isə gələn ayın 21-dən qüvvəyə minəcək. Ümumilikdə, dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsinin bu ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi