Cüzəm Xəstəxanasının baş həkimi: “Bizdə 95 yaşında müalicə alan pasiyent də olub” - MÜSAHİBƏ

Cüzəm Xəstəxanasının baş həkimi: “Bizdə 95 yaşında müalicə alan pasiyent də olub” - MÜSAHİBƏ “Bu xəstəliyin heç bir halda müalicəsi yoxdur”
Sağlamlıq
11 May , 2017 11:14
Cüzəm Xəstəxanasının baş həkimi: “Bizdə 95 yaşında müalicə alan pasiyent də olub” - MÜSAHİBƏ

Bakı. 11 may. REPORT.AZ/ Səhiyyə Nazirliyi Respublika Cüzəm (Leproz) Xəstəxanasının baş həkimi Vidadi Əliyevin “Report”a müsahibəsi.

- Bu gün Azərbaycanda neçə cüzəm xəstəsi var?

- Hazırda bizim xəstəxanada təhlükəli xroniki infeksion xəstəlik olan cüzəmdən əziyyət çəkən 13 nəfər müalicə olunur. Azərbaycanda isə ümumilikdə 28 belə xəstə var. Qalanları kənarda, yəni, evlərindədir. Onu da qeyd edim ki, 2000-ci ildə belə insanların sayı 111 nəfər olub. Yəni, həmin müddətdən bu günə qədər 4 yeni xəstə aşkar edilib. Keçən 17 il ərzində həmin xəstələr tədricən rəhmətə gedib. Əvvəldən isə Azərbaycanda bu xəstələrin sayı 600-ə qədər olub. Bu da keçən əsrin əvvəllərinə təsadüf edir.

- Bu xəstəlik ölkədə geniş yayılmadığından insanlarda cüzəmlə bağlı məlumatlar çox azdır. Ona görə də xəstəlik barədə məlumat verərdiniz...

- Bu xəstəlik ən təhlükəli infeksion xroniki xəstəliklərdən biridir. Dünya miqyasında heç vaxt bu xəstəliyin izolyasiyasına gedilməyib. Yəni xəstəlik müalicə olunmayan dövrlərdə insanlar sadəcə cəmiyyətdən kənarlaşdırılıblar. Xəstəliyə qarşı dərman müalicəsi tətbiq olunandan sonra vəziyyət düzəlib. 1968-ci ilə qədər sovet məkanında xəstələrin xəstəxanadan çıxışı-girişi qadağan olunub. Amma müəyyən şərtlər daxilində ildə bir dəfə 20 gün olmaq şərti ilə laborator göstəricilər imkan verdiyi təqdirdə xəstələrin öz ailələri və qohumlarına baş çəkməyə şərait yaradıblar.

Xəstəlik yüngül və ağır formada olur. Yüngül formalı xəstələr az yoluxdurucu olduğundan az əlillik yaradır. Ona görə də belə xəstələri evə yaza bilirik. Kənarda olan xəstələr lepromanın yüngül formasında olan və uzun müddət müalicə almış xəstələrdir. Onlarda yenidən aktivləşmə halları çox çətin ola bilər. Hər il onlarla təmasda ola bilirəm və heç bir təhlükəsi yoxdur. Onlar ailələrinin yanındadırlar. Xəstəxanadakı insanların əksəriyyəti I qrup əlildir. Çünki belə xəstələrin bədən nahiyələrinin ətraf hissələri daha çox zədələnir. Eyni zamanda, görmə sinirləri də zədələnir, nəticədə korluq baş verir. Xəstəliyin ən böyük ağırlaşması dərin əlillikdir. Bizdə olan xəstələrin böyük əksəriyyəti ya korluq, ya da dərin əlilliklərdir. Bəzi xəstələr uşaq vaxtı xəstəxanaya düşüb və indi onları himayə edəcək qohumları da yoxdur. Həmin insanlar stasionar şəraitdə mütləq müalicə olunmalıdır.

- Xəstəliyin ilkin göstəriciləri nələrdir?

- Bu xəstəliyin əsas göstəricisi hissiyyatın itməsi və ləkə mərhələsi deyilən mərhələsidir. Adətən, bu xəstələr təsadüf nəticəsində əllərini ya əzdiklərini, ya yandırdıqlarını, ya da kəsdiklərini hiss edirlər. Bunu yalnız qan görəndə kəsildiyi, yandıranda yandığı zaman hiss edirlər. Artıq hissiyyatın itməsi xəstəliyin bir siqnalıdır. Hissiyyatın itməsi ilə yanaşı, onlarda ləkə mərhələsi deyilən dövr olur. İnsanlar öz bədənlərinin müxtəlif nahiyələrində müxtəlif rəngli ləkələr hiss edirlər. Lakin bu ləkələr onları heç bir halda narahat etmir. Sadəcə kişilər belə ləkələrə o qədər də diqqət etmir. Ancaq qadınlar bədənlərində olan ləkələrə görə narahatlıq hissi keçirirlər. Dəri həkimlərinə getsələr də, bu xəstəliyi vaxtında aşkarlaya bilmirlər. Məhz 32 səbəbdən biri olaraq cüzəm xəstəliyini diaqnoz kimi qoymaq heç ağıllarına da gəlmir. Hazırda dermatologiyada çox az sayda diaqnostikadan istifadə olunur. Buna ya bilgimiz çatmır, ya da xəstəlik çox geniş yayılmayıb. Yekunda ağırlaşma mərhələsində xəstələrdə ləkə mərhələsi populyoz mərhələ ilə əvəz olunur. Yəni müəyyən dəri üstündə çıxıntılı törəmələr əmələ gəlir. Tədricən də proses dərinləşir, lepromalar yaranır. İnsanlar müxtəlif dövrlərdə həkimə müraciət etsələr də, onlara diaqnoz qoyulması xeyli çətinləşir. Xəstə on illərlə müxtəlif istiqamətli həkimlərlə görüşür və müayinə olunaraq müalicə alır. Bununla da cüzəm xəstəsi olanlar stasionarda digər insanlarla birlikdə müalicə almış olur.

- Bu xəstəliyi niyə çox vaxt genetik adlandırırlar?

- Bəziləri bunun genetik, yaxud cinsi yolla keçən xəstəlik olduğunu hesab edirlər. Bu məlumatları haradan əldə etdikləri çox maraqlıdır. Cüzəm genetik yox, infeksion xəstəlikdir. Bu xəstəlikdən hələ sağalan olmayıb. Əgər hansısa xəstəliyin törədicisi varsa, deməli, infeksion xəstəlikdir. İstənilən orqanizmdə hansısa xəstəliyə qarşı reaksiya, yəni meyillilik olur. Əgər bir nəsildən kimsə bu xəstəliyə yoluxubsa, deməli, nəslin elə fərdləri var ki, onların genomu yoluxanın genomuna yaxındır və yoluxma ehtimalı daha çoxdur. Ona görə də həmin nəslə aid olan insanların bu xəstəlikdən əziyyət çəkənlərlə təmasda olması çox təhlükəlidir. Çünki artıq həmin nəsildə bu xəstəliyə, infeksiyaya qarşı həssaslıq var. Orqanizmin xəstəlik şəklində cavab verməsi üçün mikrob düşməlidir. Ümumilikdə isə kiminsə genomonunda bu xəstəliyə uyğunluq yoxdursa, deməli, onun ehtiyatlanmağına dəyməz. Çünki xəstəliyi törədən amil orqanizmin ona qarşı reaksiyasıdır.

- Bəs xəstəlik vaxtında aşkar edildiyi təqdirdə müalicəsi varmı?

- Xeyr, cüzəm xəstəliyinin heç bir halda müalicəsi yoxdur. Sadəcə orqanizmə düşən törədici çöplər dərman preparatlarının təsiri ilə çoxalma qabiliyyətini itirir. Bundan sonra xəstəliyi inkişaf etdirmək qabiliyyəti olmur. Lakin törədici çöplər orqanizmdə insan ölənə qədər qalır. Əgər istənilən vaxt orqanizmin uyğunsuz immun sistemində problem yaranarsa, yəni zəifləyərsə, həmin hissələrə bölünmüş mikrobun aktivləşməsinə şərait yaranır və onlar dərhal birləşib öz aktivliyini bərpa edirlər. Bu da artıq xəstəliyin yeniləşməsi deməkdir.

- Ümumiyyətlə, yaş bölgüsü necədir?

- Adətən, xəstəxanada 35-80 yaş arası insanlar müalicə alır. Hətta bizdə 95 yaşında müalicə alan kişi də var idi. Artıq rəhmətə gedib. Bizim xəstəxanada vaxtı ilə doğum şöbəsində xəstələrin övladları dünyaya gəlib. Onlar analarından təcrid edilib. Hazırda onlar cəmiyyətdə sağlam şəkildə yaşayaraq işləyirlər. Əgər xəstənin övladı vaxtında anasından təcrid olunursa, o zaman cüzəmə yoluxmur.

- Deməli, yaşamaq müddəti qısa olmur...

- Xəstəlikdən ölmə ehtimalı aşağıdır. Bu xəstəlik digər infeksion xəstəliklərə nisbətdə əlil olmaq ehtimalı böyükdür. Alimlər hesab edir ki, xəstəliyin müalicəsində istifadə edilən dərman preparatlarından biri uzun ömürlülük yaradır. Düzdür, dapson adlanan həmin dərmanlar satışda yoxdur.

- Bəs hansısa bir ailənin bir neçə üzvünün cüzəm xəstəliyinə yoluxması müşahidə edilibmi?

- Bəli, belə fakt olub. Hətta ailənin bütün üzvləri cüzəm xəstəsi olub. Məsələn, ailələrdən birində 7 qardaşın hamısı bu xəstəliyin qurbanı olub. Çünki sovet dövründə onlar ailə üzvlərini təcrid edə bilməyiblər. Onlardan bir neçəsi rəhmətə gedib, digərlərinin müalicəsi davam edir.

- Hazırda xəstəxanada müalicə alanlar arasında qadın və kişi nisbəti necədir?

- Müalicə alan 13 xəstədən 5-i kişi, 8-i isə qadındır. Qadınlar da 50-83 yaş arası olanlardır.

- Bu xəstəlik qadın, yoxsa kişilər arasında daha çox yayılıb?

- Burada xüsusi statistika yoxdur. Ümumilikdə araşdırdıqda isə qadınların kişilərə nisbətdə daha tez yoluxduqları məlum olur. Bu qadın orqanizminin daha həssas olması ilə də əlaqəli ola bilər. Kişilərin dərisi qadınlara nisbətən daha qalın olur.

- Sizin xəstəxanada nə qədər həkim çalışır?

- Burada özümlə birlikdə 4 həkim işləyir.

- Bəs işçilərinizdən xəstəliyə yoluxan olubmu?

- Sovetlər dövründə belə faktla qarşılaşmamışam. Dünyada isə hətta aparıcı həkimlərdən bu xəstəliyə yoluxanlar olub. Amma bizim xəstəxanada olmayıb. Xəstəliyə yoluxmaq üçün gərək xəstə ilə uzunmüddətli və sıx təmasda olasan. Lakin bu da əsas deyil. Əsas insan orqanizminin xəstəliyə qarşı meyilliliyinin olmasıdır. Çünki 20 illik evlilik müddətində həyat yoldaşından xanımına xəstəliyin keçmədiyi xəstəmiz də olub. Müalicə alanda xəstəliyin yoluxma faizi az olur.

Son xəbərlər

Orphus sistemi