Cənubi Afrikada İİV-ə qarşı yeni vaksinin sınaqları başlayır

Cənubi Afrikada İİV-ə qarşı yeni vaksinin sınaqları başlayır Eksperimentlərin nəticələri 2020-ci ildə açıqlanacaq
Sağlamlıq
30 Noyabr , 2016 15:26
Cənubi Afrikada İİV-ə qarşı yeni vaksinin sınaqları başlayır

Bakı. 30 noyabr. REPORT.AZ/ İİV-ə qarşı yeni vaksinin təcrübədən keçirilməsinin növbəti mərhələsi Cənubi Afrikada başlayacaq. Alimlər iddia edirlər ki, bu, elmi sıçrayış ola və sağalmaz virusu üstələməyə kömək edə bilər.

"Report" BBC-yə istinadən xəbər verir ki, HVTN 702 vaksininin təcrübədən keçirilməsində 18-35 yaş arası 5,4 min Cənubi Afrika sakini iştirak edəcək. Testlərin aparılma müddəti təxminən dörd il davam edəcək, eksperimentlərin nəticələri isə 2020-ci ildə açıqlanacaq.

Cənubi Afrika hökuməti hazırda ölkədə gündə təxminən min nəfərin bu xəstəliyə yoluxması və 2014-ci ildə 2,4 milyon insanın virusa yoluxması barədə məlumat verib.

Xatırladaq ki, 2009-cu ildə Tailandda 3,5 il ərzində İİC infeksiyasına qarşı vaksinin sınaqları həyata keçirilib. O zaman həmin vaksinin səmərəliliyinin 31,2% olduğu sübut edilib.

Qeyd edək ki, dekabrın 1-i Ümumdünya QİÇS-ə qarşı mübarizə günüdür. 2015-ci ildə dünyada İİV infeksiyasına yoluxmuş insanların sayı təqribən 37 milyon olub. Virusun ən çox yayıldığı region Afrikanın Saxara səhrasından cənubdakı hissəsidir.

Son xəbərlər

Orphus sistemi