Azərbaycanda baş həkimin müavini rüşvət alarkən həbs olunub

Azərbaycanda baş həkimin müavini rüşvət alarkən həbs olunub O, rüşvəti vətəndaşdan övladının hərbi xidmətə yararsız hesab olunmasına dair tibbi sənədlərin rəsmiləşdirilməsi müqabilində tələb edib
Sağlamlıq
4 Fevral , 2015 13:57
Azərbaycanda baş həkimin müavini rüşvət alarkən həbs olunub

Bakı. 4 fevral. REPORT.AZ/ Sabirabad rayon sakininin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin Hərbi-həkim komissiyasının sədrinin ondan rüşvət tələb etməsinə dair müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Müraciət üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xidmətin Sabirabad rayon şöbəsinin Hərbi-həkim komissiyasının sədri, Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Rail Musayev xidməti vəzifəsinin icrası ilə əlaqədar rayon sakininin övladının hərbi xidmətə yararsız hesab olunmasına dair müvafiq tibbi sənədlərin rəsmiləşdirilməsi müqabilində özü üçün tələb etdiyi 500 manat məbləğində pulun 200 manatını fevralın 3-də xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmış və R.Musayevə həmin maddədə nəzərdə tutulan ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi