Bakının Qaraçuxur qəsəbəsində sudan kütləvi zəhərlənmənin səbəbləri məlum olub

Bakının Qaraçuxur qəsəbəsində sudan kütləvi zəhərlənmənin səbəbləri məlum olub Səhiyyə Nazirliyi: "Xəstəxanaya yerləşdirilən 10 nəfərin müalicəsi davam edir, onlar gün ərzində evlərinə buraxılacaq"
Sağlamlıq
23 Oktyabr , 2015 10:31
Bakının Qaraçuxur qəsəbəsində sudan kütləvi zəhərlənmənin səbəbləri məlum olub

Bakı. 23 oktyabr. REPORT.AZ/ Ötən gün Qaraçuxur qəsəbəsi Zaur Şərifov 24 ünvanında sudan kütləvi zəhərlənmə faktı ilə əlaqədar xəstəxanaya yerləşdirilən 10 nəfərin müalicəsi davam edir. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, zərərçəkənlər 5 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər: "Onlara profilaktik yardım göstərilib, həyatları üçün heç bir təhlükə yoxdur. Xəstələr mədə-bağırsaq infeksiyası ilə bağlı müalicə alırlar. Səhhətlərində ciddi problem olmadığından çox güman ki, gün ərzində evlərinə buraxılacaqlar".

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə "Report"a açıqlamasında bildirib ki, hadisə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində qeydə alınıb və lokal xarakterli olub, başqa ərazilərdə qeydə alınmayıb: "Dövlət Sanitariya Xidməti orqanı və Səhiyyə Nazirliyi "Azərsu" ASC-nin işçiləri ilə birlikdə ərazidə olan xətlərə baxış keçirib. Həmin gün içməli suyun tərkibində normadan kənara çıxma halları müşahidə olunub. Suyun həm bakterioloji, həm də kimyəvi göstəriciləri var. Təbii ki, kimyəvi göstəricilər də standartlara cavab verməlidir. Həmin gün də suyun tərkibində bu maddədən kənara çıxma halları baş verdiyinə görə insanlarda narahatlıq yaradıb. Yoxlama zamanı həmin ərazidən su nümunələri götürülüb. Bütün göstəricilər norma daxilindədir. Hazırda əraziyə verilən suda heç bir problem yoxdur".

Şöbə müdiri, hadisə zamanı 70-ə yaxın şəxsin zərər çəkməsi ilə bağlı səsləndirilən fikirlərin yanlış olduğunu qeyd edib: "Bir neçə nəfərdə mədə-bağırsaq pozuntusu baş verib. Həmin şəxslərin vəziyyəti də hazırda stabildir". 

Son xəbərlər

Orphus sistemi