Azərbaycanda "zob" xəstəliyindən əziyyət çəkənlərin sayı açıqlanıb

Azərbaycanda "zob" xəstəliyindən əziyyət çəkənlərin sayı açıqlanıb Babək Salek: "Dünyada 1.5 milyon insan isə yod çatışmazlığı ilə qarşılaşmaq riskini yaşayır"
Sağlamlıq
25 May , 2017 12:51
Azərbaycanda zob xəstəliyindən əziyyət çəkənlərin sayı açıqlanıb

Bakı. 25 may. REPORT.AZ/ "Bu il yanvarın 1-nə ölkə üzrə ümumi qalxanabənzər vəzi xəstəlikləri ilə dispanser qeydiyyatına 16 986 nəfər götürülüb".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babək Salek deyib.

Onun sözlərinə görə, həmin xəstələrdən 3 251 nəfəri diffuz ur, 2 730 nəfəri düyünlü ur, 5443 nəfəri tireotoksikoz, 3363 hipotireoz (zobun funksiyasının hissəvi və ya daimi çatışmazlığı), 1060 nəfər tireoditlər, 53 nəfəri isə qalxanabənzər vəzinin yeni törəməsindən əziyyət çəkir.

B.Salek qeyd edib ki, dünyada 665 milyondan artıq insan yod çatışmazlığı və "zob" xəstəliyindən əziyyət çəkir: "1.5 milyon insan isə yod çatışmazlığı ilə qarşılaşmaq riskini yaşayır. Hər il qalxanabənzər vəzi xəstəliklərinin sayı 5% artır. Bəzən xəstələr qeydiyyata düşməmək üçün həkimə müraciət etmirlər. Azərbaycanda zob xəstələrinin sayı statistik rəqəmlərdən qat-qat artıqdır. Bunlardan rayondan gələn və şəhər qeydiyyatı olmayanlardır".

Mərkəz rəsmisi xatırladıb ki, hipoterioz 99 faiz hallarda ömürlük xəstəlikdir: "Bu xəstəliyi müalicə etmək üçün yazılan dərman ömürlük qəbul edilməlidir. Belə xəstələr 3-6 aydan bir, ya da ən azı ildə 1 dəfə endokrinoloq müayinəsindən keçməli və hormonlar yoxlanılmalıdır. Bu xəstəlik, adətən, qadınlarda müşahidə olunur. Onlar da hamilə olduğu zaman bəzi həkimlər səhv edərək dərman qəbul etməmələrini məsləhət görürlər. Bu isə düzgün deyil. Çünki hamilə qadınlar hipoterioz olduqda qalxanabənzər vəzinin hormonlarını mütəmadi olaraq qəbul etməlidirlər. Bunu qəbul etməyəndə dölyanı sular bulanır, döl özü şişkin olur və belə döl anadan olduqda çox şişkin və zehni cəhətdən geri qalmış olur".

B.Salek bildirib ki, Azərbaycana gələn xarici mütəxəssislər müalicəsi olan nadir xəstəliklərin skrininq edilməsini təklif ediblər: "Uşaqlarda müşahidə olunan anadangəlmə hipoterioz nadir xəstəliklər sırasındadır. Bu xəstəlik vaxtında müalicə və müayinə olunarsa, uşaq normal böyüyür, əks halda 10 yaşlı uşağın zehni 4 yaşlı uşağın zehni kimi çalışır". 

Son xəbərlər

Orphus sistemi