Yuxarı
    Bağlamaq

    Azərbaycanda tütün və spirtli içkilərdən ölüm halları geniş yayılıb

    ATU-nun Tədris Terapevtik Klinikasında sağlam qidalanmaya dair müzakirələr aparılıb

    Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında sağlam qidalanmaya dair müzakirələr aparılıb. 

    “Report”un məlumatına görə, Klinikanın Tibbi profilaktika fakültəsinin dekanı Anar Ağayev bildirib ki, son illər müxtəlif qurumlar tərəfindən istənilən yaş dövründə əhəmiyyət kəsb edən sağlam qidalanma və sağlam həyat tərzi ilə bağlı müxtəlif tədqiqatlar aparılır: “Tərkibində doymuş, trans-yağ turşuları, sadə şəkər və ya xörək duzunun olduğu yüksək qida məhsullarından, hazır un məmulatları və marqarin yağından istifadənin azaldılması və bu məhsullardan gündəlik enerji qəbulunun bir faizinə qədər aşağı salınması sağlamlıq üçün zəruridir”.

    Klinikanın Qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov qeyd edib ki, xəstəliklərin orqanizmə düşməsi asan olsa da, hətta illərlə müalicə olunsa belə izi həmişəlik qalır.

    Kafedranın professoru Maqsud Qasımov isə deyib ki, son illər dünyada digər xəstəliklərin azalmasına baxmayaraq, qeyri-infeksion xəstəliklərdən dünyasını dəyişənlərin sayı artmaqda davam edir: “Ümumdünya Səhiyyə Təşkilatının hesablamasına görə, ürəyin işemik xəstəliyi, beyin-damar xəstəliklərinin təxminən 80 faizində ölümün səbəbləri sırasında tütün məmulatlarından istifadə, spirtli içkilərə aludəçilik, eləcə də qeyri-düzgün qidalanma, fiziki passivlik yer alıb. Qeyd edilən risk amilləri yüksək qan təzyiqinə, piylənməyə, qanda şəkərin artmasına səbəb olur. Hər il dünyada 6 milyon insan məhz tütündən istifadə etdiyinə görə dünyasını dəyişir. Spirtli içkilərdən süni istifadə nəticəsində ölən 3,3 milyon insanın təxminən yarısı qeyri-infeksion xəstəliklərlə bağlıdır. Bununla yanaşı, fiziki passivlik, piylənmə səbəbindən də dünyasını dəyişənlər az deyil. Tütündən, spirtli içkilərdən süni istifadə ölümün əsas səbəblərindən biridir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da bu problem geniş yayılıb”.

    Klinikanın Uşaq və yeniyetmələr və əmək gigiyenası kafedrasının müdiri Şəhla Balayeva vurğulayıb ki, uşaq yaşlarından onların düzgün həyat tərzi sürməsi, sağlam böyüməsi üçün şərait yaratmaq lazımdır: “Uşaq yaşlarında düzgün olmayan qidalanma, oturaq həyat tərzi onlarda bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Eyni zamanda, bu xəstəliklər yetkinlik yaşlarında xroniki xəstəliklərin yaranmasına zəmin yaradır. Kənd yerlərində yaşayan uşaqlarla şəhərdəki uşaqların qidalanmasında fərq var. Çünki kənddə böyüyən uşaqlar şəhərdəkilərə nisbətən təbii qidalara üstünlük verirlər”.

    Qeyd edək ki, tədbir “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planına əsasən təşkil olunub.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi