Yuxarı

Azərbaycanda siqaret qutularının üzərindəki şəkillər dəyişdiriləcək - FOTO

​Avropa İttifaqı artıq bu dəyişikliyi edib

Bakı. 22 yanvar. REPORT.AZ/ Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təklifi ilə Avropa İttifaqı tütün və tütün məmulatları ilə mübarizə tədbirləri çərçivəsində siqaret qutularının üzərində əks olunacaq şəkilləri dəyişib. "Report" xəbər verir ki, mövcud dəyişikliyi dünya ölkələrinin 12-si -  Tailand, Avstraliya, Uruqvay, Kanada, Türkmənistan, Meksika, Venesuela və digər ölkələr dəstəkləyib. Türkiyə də həmin ölkələr sırasındadır.

Azərbaycanda da istehlak olunan siqaret qutularının üzərindəki təqdimatları dəyişdirilə bilər.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev "Report"a açıqlamasında deyib ki, o, bu təkliflə çıxış edəcək: "Parlamentin yaz sessiyasında komitəmiz tərəfindən "Siqaret çəkmənin məhdudlaşması haqqında" qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulub. Qanun layihəsində bir sıra vacib müddəalar öz əksini tapıb. Qanun layihəsi qəbul olunduqdan sonra Azərbaycanda da siqaretlə bağlı bir sıra vacib qərarlar qəbul ediləcək".

Sədr müavininin sözlərinə görə, yeni qanun layihəsində siqaret qutularının təqdimatı məsələsi də yer alıb: "Qeyd edim ki, təqdimat da ÜST-nin müəyyən etdiyi normalar çərçivəsində təyin edilib. Həmin normalarda siqaret çəkməyin orqanizm üçün zərərli olmasını hər bir istifadəçi və alıcıya çatdırmaq forması var. Müəyyən formalar var ki, qutuların üzərində siqaret çəkməyin zərərli olması ilə bağlı şəkillər yerləşdirilməlidir. Lakin konkret hansı şəkillərin olacağı hələlik məlum deyil. Təklif var ki, qutular rəngsiz  olsun. Biz də həmin təkliflərə baxıb son nəticələri qəbul edəcəyik".

O, həmçinin vurğulayıb ki, yeni hazırlanan qanun layihəsində maariflənmə tədbirləri ilə bağlı müəyyən müddəalar yer alıb: "Belə ki, 18 yaşı tamam olmayan şəxslərə siqaret satılmasına görə cəzalar müəyyən edilib. Hətta müzakirələr zamanı təklif edəcəm ki, 18 yaşına çatmayan uşağı siqaret almağa göndərən valideynlərə də əlavə cəza verilsin. Təbii ki, bu, inzibati cərimə şəklində tətbiq olunacaq".

Qutuların üzərində şəkilli xəbərdarlıqların olmasına gəlincə, deputatın fikrincə, bu, ÜST-ün yeni layihələrindən biridir: "Bu günə qədər olan təkliflərdə qutuların yalnız bir rəngdə, yəni tam rəngsiz və şəkilsiz olmağı daha effektli görünürdü. Onu da qeyd edim ki, bundan sonra qutuların üzərində yer alması planlaşdırılan şəkillərin etik normalara cavab verilməsinə xüsusi diqqət yetirilməlidir. Gərək orada siqaret çəkən vətəndaşları aşağılayan bir addım atılmasın. Çünki bir var onların zərərli vərdişlərdən əl çəkməsi üçün təbliğat işləri aparaq, biri də var ki, həmin insanları aşağılayaq. Axı, onlar da bir vətəndaşdır. Siqaret çəkəndə nə olur? Əgər bir insanın siqaret çəkməsi başqasına zərər vermirsə, deməli, bu haqqı onun əlindən ala bilmərik. Ona görə də qutuların üzərində etik normalara cavab verməyən şəkillərin yer almasının tərəfdarı deyiləm".

M.Quliyev onu da qeyd edib ki, ÜST-ün tətbiq etdiyi eksperiment geniş şəkildə yayılsa, çox güman ki, bu yenilik Azərbaycanda həyata keçiriləcək: "Ancaq hazırda bizim onlardan irəlidə olmağımız düzgün olmazdı. Çünki bizim hələ qanunumuz yoxdur. Qanun qəbul olunub işlək vəziyyətdə olduqdan sonra siqaret qutularının təqdimatı sonrakı mərhələnin işidir".

Müstəqil ekspert, tibb elmləri doktoru, professor Adil Qeybulla isə "Report"a açıqlamasında bildirib ki, qutuların üzərində əks olunacaq şəkillərin dəyişdirilməsi və digər addımlar siqaret əleyhinə təbliğat üsullarının bir formasıdır: "Bu gün bütün dünya ölkələri siqaret çəkilməsinə qarşı mübarizə aparır. Buna görə də müxtəlif üsullara əl atılır. Misal olaraq, bir insanın bu zərərli vərdişdən əl çəkməsi üçün ona basqı edilməsi mümkün deyil. Çünki bu, onun azadlığının məhdudlaşdırılmasıdır. Sadəcə, insana müəyyən sərhədlər qoyula bilər ki, onlar ictimai yerlərdə, eləcə də müəyyən qadağan olunan yerlərdə siqaret çəkməsinlər. Digər tərəfdən qutuların üzərinə müəyyən şəkillərin vurulması da təbliğat xarakterlidir. Lakin təcrübə göstərir ki, həmin reklamlar bir müddət insanlara təsir edir, lakin sonra hər şey adiləşir. Yaxşı olardı ki, bu cür təbliğatlar daha çox KİV vasitəsi ilə həyata keçirilsin. Lakin Azərbaycanda bu məsələ çox zəifdir. İnsanlara daha çox siqaretin zərərli tərəfləri, törətdiyi fəsadlar, ömrün qısalması, hansı ağır situasiyalara gətirib çıxarması haqqında faktlarla zəngin materiallar təqdim olunsa nəticə daha təsiredici olar".

Qeyd edək ki, Avropa İttifaqı tütün və tütün məmulatları ilə mübarizə tədbirləri çərçivəsində siqaret qutularının üzərində əks olunacaq yeni şəkilləri yayımlayıb. İttifaqa daxil olan ölkələr qutuların üzərində qan qusan qadın, müxtəlif bədən üzvlərini itirən insan, siqaret tüstüsündən əziyyət çəkən körpə və uşaq şəkillərindən istifadə edəcəklər. Mütəxəssislərin verdiyi məlumata görə, tütün və tütün məhsullarının istifadəsinin azaldılmasına görə müxtəlif metodlar tətbiq olunur. Bunların arasında tütün məhsullarının qutuları üzərində yazılı və şəkilli xəbərdarlıqların yer alması vacibdir.

Həmçinin qeyd edilir ki, tütün məhsullarının qutularının üstündə siqaretdən istifadə etməyin mənfi nəticələri barədə həm yazılı, həm də şəkilli xəbərdarlıq mesajlarının yer alması labüddür. Eyni zamanda, hazırda dünyanın 77 ölkəsində tütün məhsullarının qutuları üzərində şəkilli xəbərdarlıqlar çap olunub. Lakin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni şəkillərin siqaret qutuları səthinin yalnız 65 faizini tuta bilər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi