Azərbaycanda könüllü olaraq qan verənlərin sayı açıqlanıb

Azərbaycanda könüllü olaraq qan verənlərin sayı açıqlanıb 2014-cü ildə 72 697 nəfər donorluq edib
Sağlamlıq
6 İyun , 2015 12:06
Azərbaycanda könüllü olaraq qan verənlərin sayı açıqlanıb

Bakı. 6 iyun. REPORT.AZ/ "Azərbaycanda 2010-cu ildə 46 530 nəfər donorluq edərək qan veribsə, 2014-cü ildə bu rəqəm 56,2 faiz artaraq 72 697 nəfər olub". "Report" xəbər verir ki, bunu Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva Gənc Qan Donorlarının II Forumunda deyib.

Onun sözlərinə görə, donorların sayının çoxalması nəticəsində tədarük edilən qan və qan komponentlərinin miqdarı da artıb: "2010-cu ildə 21 ton 131 litr qan tədarük edilibsə, 2014-cü ildə bu rəqəm 71,2 faiz artaraq 36 ton 193 litrə yüksəlib".

P.Hacıyeva əlavə edib ki, ümumilikdə keçən il Mərkəzi Qan Bankında 41 606 nəfər donorluq edərək qan verib. Bunun 35 faizi, yəni 14 556 vahid eritrosit kütləsi və 104 vahid plazma talassemiyalı xəstələrə köçürülmək üçün buraxılıb.

Bankın direktoru deyib ki, Azərbaycanda ilk qan köçürülməsi və bu baxımdan qan donorluğu 76 illik tarixə malikdir: "İlk dəfə 1927-ci ildə malyariya mənşəli anemiyanın kəskin formasından əziyyət çəkən xəstəyə uğurla qan köçürülüb. Son 10 il ərzində qan donorlarının sayı 3 dəfədən də çox artıb. Bu günə qədər qanvermə aksiyalarında iştirak edən donorların hamısı könüllülər olub və öz qanlarını təmənnasız olaraq veriblər".

O bildirib ki, bu gün donorların qeydiyyatı qanvermə prosesinin həyata keçirildiyi tibb müəssisələrində aparılır: "Donorlar haqqında məlumatlar elektron məlumat bazasına da daxil edilir. Donorların və onlardan qan analizinin alınması, müayinəsi və donorluğa dair məlumatların qeydiyyatı və qan ehtiyatlarına nəzarətin elektronlaşdırılması məqsədilə Azərbaycanda "Vahid Qan Bankı" sistemi yaradılıb. Hazırda bu sistem Mərkəzi Qan Bankının bütün bölmələrində istifadə olunur".

Son xəbərlər

Orphus sistemi