Yuxarı

Azərbaycanda İİV-ə yoluxması yeni aşkarlanan şəxslərin sayı açlıqlanıb

İİV-infeksiyasından dünyasını dəyişən vətəndaşların sayı 744 nəfərdir

Bakı. 13 may. REPORT.AZ/ "Bu ilin ilk 3 ayı ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 24,8%-i, 1987-01.04.2016-cı illər ərzində isə aşkar olunan halların 49,3%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib". 

"Report" xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu ilin 3 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 125 təşkil edib ki, onlardan 121-i (96,8%) Azərbaycan vətəndaşı, 4 nəfəri (3,2%) isə əcnəbi vətəndaşlarıdır: "Qeydiyyata alınan 121 Azərbaycan vətəndaşından 84-ü (69,4%) kişi, 37-si (30,6%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 44 nəfər olub. Bu dövr ərzində İİV-infeksiyasından 9 nəfər Azərbaycan vətəndaşı dünyasını dəyişməsi barədə məlumat daxil olub".

Mərkəz direktoru qeyd edib ki, 3 ay ərzində İİV-ə yoluxması təsdiq olunan Azərbaycan vətəndaşları arasında yoluxma yolları belə olub: "31 nəfər (25,6%) parenteral kontakt, 71 nəfər (58,7%) heteroseksual kontakt, 2 nəfər (1.7%) homoseksual kontakt nəticəsində yoluxub. 17 nəfərin (14 %) yoluxma yolu müəyyənləşdirilir".

Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən bu ilin 3 ayının sonunadək Mərkəzdə İİV-infeksiyası təsdiq olunan 4 815 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyata götürülüb. Onlardan 3 523-ü (73,2%) kişi, 1 292-si (26,8%) qadındır. QİÇS mərhələsində olan vətəndaşların sayı 1 725 nəfər, İİV-infeksiyasından dünyasını dəyişən vətəndaşların sayı isə 744 nəfər olub.

Esmira Alməmmədova əlavə edib ki, İİV-lə yaşayan insanlardan 48,9 %-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 41,3 %-da heteroseksual, 1,8 %-da isə homoseksual kontakt nəticəsində, 1,8 %-da anadan uşağa keçməklə, 0,02 %-da (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib: "7 % -də yoluxma yolu müəyyən edilməyib. 2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3 093 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 133 nəfərə müalicə bu ilin ilk 3 ayı ərzində başlanılıb. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 117 435 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 75 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib".

Qeyd edək ki, İİV-lə bağlı Mərkəzdə yardılan 408-79-74 "Qaynar xətt" telefonu ilə əlaqə saxlamaq olar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi