Yuxarı
    Bağlamaq

    Azərbaycanda daha 2 557 dərman vasitəsinin qiyməti təsdiqlənib

    ​Tarif Şurasının növbəti iclası keçirilib

    Bakı. 30 iyun. REPORT.AZ/ Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

    Şuradan "Report"a verilən məlumata görə, iclasda daha 2 557 dərman vasitəsinin qiyməti təsdiqlənib.

    Məlumatda qeyd olunub ki, indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 9632 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq olunub. Bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 99%-ni təşkil edir.

    Bunlardan 7 300 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır, digər 2 332 dərman vasitəsinin yeni qiymətləri isə bu ilin sentyabr ayının 1-dən qüvvəyə minəcək.

    2016-cı il 1 sentyabr tarixindən etibarən qiymətləri təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər.

    Həyata keçirilən siyasətə uyğun olaraq, qiymətləri yeni tənzimlənmiş 2 557 dərman vasitəsinin də qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınıb. Belə ki, 29%-nin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən çox, 11%-nin qiyməti 3 dəfədən çox, ümumilikdə 90%-nin qiymətləri endirilib.

    Eyni zamanda Tarif (qiymət) Şurasının iclasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Samur-Abşeron kanalı istismar idarəsinin “Azərsu” ASC-yə verdiyi suyun topdansatış tarifinin qüvvədə olma müddəti 2016-ci il 1 oktyabr tarixinədək müəyyən edilib.

    Qərarlar və dərman vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Şuranın qərarları” və “Dərman vasitələri” bölmələrində də yerləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi