Yuxarı

Azərbaycanda 20-dən çox uşaq üzərində mürəkkəb ürək əməliyyatları keçiriləcək

Əməliyyatların 12-si Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti üzrə həyata keçiriləcək

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycanda 200-dən çox anadangəlmə ürək qüsurundan əziyyət çəkən xəstələrin müayinə və müalicələrinin həyata keçirilməsi planlaşdırılır. Səhiyyə Nazirliyindən "Report"a verilən xəbərə görə, bu, Mərkəzi Neftçilər Xəstəxanasında keçirilən "Uşaq həftəsi" aksiyası çərçivəsində baş tutacaq.

Müalicə və müayinə ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi ilə yerli və xarici (İtaliyanın Milan şəhəri San Raffaele Hospitalı) həkim briqadaları tərəfindən icra olunacaq.

Bununla yanaşı, 20-dən çox uşaq üzərində mürəkkəb açıq ürək əməliyyatlarının icrası gözlənilir. Bu əməliyyatların 12-si Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti üzrə həyata keçiriləcək.

Həmçinin aksiya çərçivəsində 15 günlük körpə uşağın yuxu arteriyasından ürəyin qapaq əməliyyatı keçirilib. Nəticələr həkimlərin gözlədiyindən daha da yaxşı olub. Anadangəlmə ürək qüsuru olan 26 həftəlik körpənin əməliyyatı nəzərdə tutulub.

Məlumatda o da qeyd olunub ki, bu ildən başlayaraq ölkənin bir neçə xəstəxanasında uğurla icra olunan əməliyyat sayı artıq 500-ə çatır. 

Qeyd edək ki, aksiya Ümumdünya Uşaq Günü münasibətilə Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyin təşkilatçılığı ilə keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi