Yuxarı
    Bağlamaq

    Uşaq psixiatrı: "​Autizmin müalicəsində heç bir preparatdan istifadə olunmur"

    Təəssüf ki, bu növ xəstəliklərin müalicəsində bəzi mütəxəssislər nitqi açan, beyni inkişaf etdirən dərmanlar yazırlar

    Bakı. 23 fevral. REPORT.AZ/ "Autizm diaqnozu dünyanın sonu demək deyil. Ona görə də bu xəstəliyi dramatikləşdirməyə ehtiyac yoxdur. Başqa sözlə desək, autizm hansısa mənada ünsiyyət xəstəliyidir". "Report" xəbər verir ki, bunu uşaq psixiatrı, Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının assistenti İkram Rüstəmov deyib.

    Onun sözlərinə görə, artıq bir neçə ildir autizm və bənzər sindromlar diaqnozunun adı dəyişdirilib: "2013-cü ildə Amerika Psixiatriya Assosiasiyasının diaqnostik təsnifatından sonra autizm və bənzəri bir çox sindromların diaqnozunun adı dəyişdirilib. Məsələn, Asperger sindromu, autizm, dezinteqrativ psixoz və digər diaqnozlar qoyulmur. Autistik əlamətlər müşahidə olunan uşaqlara "autistik spektr xəstəlikləri" deyilməyə başlanıldı. Çünki bu uşaqların heç biri digərinə tam bənzəmir və bu səbəbdən də alimlər bir standartlaşmanın qəti əleyhinə çıxır".

    İ.Rüstəmov əlavə edib ki, autistik spektr xəstəliklərinin ən başlıca simptomu sosial ünsiyyətdə problemlərin yaranmasıdır: " Yəni uşaq öz yaşına uyğun olmayan jestlər və mimiklərdən istifadə edir, göz təmasından qaçır, digər uşaqlarla oynamır, bu və digər sosial ünsiyyətin komponentlərində geriləmə, pozğunluq olur. İkinci əlamət nitq inkişafının ləngiməsidir. Üçüncüsü isə uşağın maraq dairəsi məhdud olur, yəni daha çox yalnız öz ehtiyacları daxilində olanlara maraq göstərir. Bu üç əlamət autistik spektr üçün ana simptomlar sayılır. Bundan əlavə, belə uşaqlar heç nəyə diqqət vermir, böyüklərin heç bir göstərişini izləmir, heç nə öyrənmək istəmir. Bəzən nitqin inkişafında ciddi geriləmə olmur, amma çox qeyri-adi qabiliyyətlərə malik olurlar. Bu, əslində anadangəlmə bir problem olsa da, özünü 1,5-2 yaş dövründə göstərir. Valideynlər məhz bu dövrdə əlamətləri hiss edirlər".

    O,  xəstəliyin müalicə üsulları haqda danışarkən təəssüf hissi ilə qeyd edib ki, bu növ xəstəliklərin müalicəsində bəzi mütəxəssislər nitqi açan, beyni inkişaf etdirən dərmanlar yazırlar: "Lakin dünya praktikasında autistik spektr xəstəliklərinin müalicəsi üçün heç bir preparat istifadə olunmur. Preparatlar daha çox yanaşı problemlərə görə yazılır. Məsələn, uşağın aqressiyası, hiperaktivliyi, yuxu pozuntusu, davranış pozuntusu və s. kimi faktorlar varsa, onları aradan qaldırmaq üçün bunlardan istifadə oluna bilər. Onu da deyim ki, autistik spektr xəstəliyinin müalicəsi üçün erkən diaqnostika vacibdir. İkincisi, psixo-pedaqoji tədbirlər də görülməlidir. Xüsusi psixo-pedaqoqlar tərəfindən belə uşaqlara ABA terapiyası adlandırılan xüsusi terapiya tətbiq olunur. Əgər autistik spektr xəstəliyi olan uşaqlarda ciddi yanaşı xəstəlik yoxdursa, çox vaxt onların vəziyyəti müsbətə doğru gedir. Uşağın 6 yaşından tez reablitasiyaya başlaması, bu uşaqlarda nəticələrin daha yaxşı olması ehtimalını artırır. Onların cəmiyyətə qaynayıb-qarışması, bir iş sahibi olması, normal insanların əhatəsində yaşamağı öyrənməsi mümkündür. Təəssüf ki, autistik düşüncə tərzinin tamamilə aradan qalxması, sıfıra endirilməsi mümkün deyil, müəyyən qədər olsa da defisitlər qalacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi