Yuxarı

ATU rezidentlərin laparoskopik bacarıqlarını artırmaq üçün kurs təşkil edib

Kurslarda ATU-nun 10 rezidenti iştirak edir

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Klinikasında rezidentlərin bilik və bacarıqlarını dərinləşdirmək məqsədilə silsilə kurslar keçirilir. Bu gün klinikada növbəti "Laparoskopik cərrahi bacarıqlar" kursuna start verilib. Bu barədə "Report"a ATU-dan məlumat verilib.

ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri Nuru Bayramov deyib ki, kursların məqsədi gənc cərrahlara, rezidentlərə təməl cərrahi bacarıqları öyrətməkdən ibarətdir: "Bundan əvvəl klinikada canlı laparoskopik kurslar baş tutub. Bu dəfə isə təməl laparoskopik bacarıqların öyrədilməsi prosesinə başlamışıq. İki gün davam edəcək kursların iştirakçıları həm elektron simulyatorda dərc keçəcək, həm də canlı əməliyyatlara qatılacaqlar".

N.Bayramov qeyd edib ki, kurslarda ATU-nun 10 rezidenti iştirak edir. Kursun sonunda onlar Tədris Cərrahiyyə Klinikası tərəfindən sertifikatla mükafatlandırılacaqlar. Bu sertifikat rezidentlərə əməliyyatlarda iştirak etmək hüququ qazandırır.

Kafedra müdirinin sözlərinə görə, kursun təşkilində həm ATU rəhbərliyi, həm də Cərrahiyyə Klinikasının böyük rolu olub. Kurslara rəhbərlik işinə Cərrahiyyə Klinikasının əməkdaşları ilə yanaşı, Almaniyanın Münster Universitetinin Euregi Klinikasının baş həkimi Nevzat Doğan da qatılıb. ATU tərəfdən I cərrahi xəstəliklər kafedrasının əməkdaşları, treninq mərkəzinin rəhbəri Qorxmaz Əhmədov kursların keçirilməsində birbaşa iştirak ediblər.

Gələcəkdə laparoskopik bacarıqlar kursları davam etdiriləcək və bu təlimlər ATU-nun çoxsaylı rezidentlərini əhatə edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi