Yanvar ayı üzrə 18.3 milyon manat müddətli əlavə və mükafat ödənilib 

Yanvar ayı üzrə 18.3 milyon manat müddətli əlavə və mükafat ödənilib  Bakı şəhəri üzrə 33 və respublikanın digər şəhər və rayonları üzrə 78 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçisinə ödənilib
Sağlamlıq
9 Aprel , 2021 15:00
Yanvar ayı üzrə 18.3 milyon manat müddətli əlavə və mükafat ödənilib 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 13 136 nəfər tibb və 2 905 nəfər qeyri-tibb işçisinə yanvar ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 18.3 milyon manat müddətli əlavə ödəyib.

Agentlikdən "Report"a verilən məlumata görə, müddətli əlavələr Bakı şəhəri üzrə 33 və respublikanın digər şəhər və rayonları üzrə 78 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçisinə ödənilib.

Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada hesablanıb:

1. Tibbi profilaktik tədbirləri həyata keçirən 2 537 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 2.1 milyon manat ödənilib.

Ay ərzində iş günlərinə/saatlarına mütənasib hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli

2.Təcili tibbi yardım xidməti göstərən 3 383 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 461 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 4.1 milyon manat ödənilib.

3.Pasiyentlərə stasionar tibbi xidmət göstərən 6 755 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 10.2 milyon manat ödənilib.

Onu da qeyd edək ki, 2 905 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 1.9 milyon manat müddətli əlavə verilmişdir. Məlumat üçün bildirək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına və 1 aprel 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Agentlik tərəfindən yanvar ayı üzrə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən 45 nəfər könüllüyə adambaşına aylıq 250 manat olmaq şərtilə, yanvar ayı üzrə ümumilikdə 11.2 min manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

Qeyd olunmalıdır ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən fevral ayı üzrə müddətli əlavələrin ödənilməsi davam edir.

Son xəbərlər

Orphus sistemi