“Bəzən valideynlər uşaqlarına cizgi film personajlarının adlarını və ya əcnəbi adları qoymaq istəyirlər. Hansı ki, bu adlar pis səslənir. Bu cür adlar uşaqların gələcəkdə gülüş obyektinə çevrilməsinə yol açır”.
“Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi onlayn brifinqdə Nazirliyin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova deyib.
O bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, uşaqların şəxsi mənafeyinə xələl gətirəcək adların qoyulmasına yol verilmir:
"Məsələn bir valideyn övladına Moza adının qoyulması üçün müraciət etmişdi. Biz bu adın mənasını araşdırıb “qara milçək” demək olduğunu öyrəndik. Valideynə bunu bildirəndə o adın qoyulmasından imtina etdi".
“2021-ci ilin I yarımilində 512 uşağın doğumunun qeydiyyata alınmadığı faktı aşkarlanıb və onlardan 488-nin qeydiyyata alınması təmin edilib. Təəssüf ki, əsasən, kənd yerlərində bu cür hallara rast gəlirik”, - R.Kərimova vurğulayıb.