Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov xərçəng hüceyrələrinin müəyyən edilməsində istifadə olunan Pozitron Emissiya Tomoqrafiyası (PET) xərclərinin icbari tibbi sığorta təminatına alınmasını təklif edib.
“Report”un məlumatına görə, komitə sədri bu təklifi parlamentidə gələn ilin büdcə zərfinin müzakirəsi zamanı çıxışında irəli sürüb.
“Son həddə dəqiq diaqnozun qoyulmasında vacib müayinə üsulu sayılan PET müayinə üsulu təəssüf ki, Azərbaycanda icbari tibbi sığorta təminatına alınmayıb. Bu müayinə üsulunun maliyyə tutumu 1200-1500 manat arasındadır.
İstərdim ki, bu müayinə üsulunun gələcəkdə icbari tibbi sığorta hesabına qarşılanması təmin edilsin”, - Ə.Əmiraslanov vurğulayıb.
Qeyd edək ki, Pozitron Emissiya Tomoqrafiyası (PET) orqanizmdə hüceyrə mübadiləsini molekulyar səviyyədə göstərməyə imkan verən müasir tibbi diaqnostik görüntüləmə üsuludur.
Xüsusi təyinatlı laboratoriya şəraitində hazırlanmış dərman maddəsi vena daxilinə vurulur və bu maddə orqanizmdə müəyyən toxumalarda (məsələn, şişdə, beyində, ürəkdə və s.) toplanaraq ətrafa şüalanma verir.
PET cihazının köməyi ilə bu fotonların mənbəyi və miqdarı təyin edilir. Müayinə müddəti ərzində toxumaların anatomik quruluşunu göstərə bilən kompüter tomoqrafiya müayinəsi də (KT) həmçinin icra olunur. Müayinə nəticəsində alınmış PET və KT görüntüləri sonradan birləşdirilir.
Beləliklə, həm verilən molekulun aktivliyi, həm də bütün orqanları göstərən bədənin funksional və anatomik quruluşu barədə birgə məlumat əldə edilir. Nəticədə, həkim orqanizmin hər hansı bölgəsində hüceyrə səviyyəsində baş verən bütün dəyişiklikləri qeydə alır.