Dünya əhalisinin 2%-i pandemiyanın qurbanı ola bilər.
“Report” “Radio Rossii”yə istinadən xəbər verir ki, bunu Rusiyanın tanınmış virusoloqu Konstantin Çumakov deyib.
"Əgər bu virusun belə geniş yayılmasına imkan versək, onda dünya əhalisinin 2 %-i öləcək", - mütəxəssis deyib.
Virusoloq bununla yanaşı COVID-19-a qarşı peyvəndlərin işlənib hazırlanması və bu virusun daha az patogenliyə doğru dəyişməsi sayəsində dünyanın pandemiyanın sonunda olması ilə bağlı ehtimalını da vurğulayıb.
Qeyd edək ki, dünyada koronavirusa yoluxma hallarının sayı 400 milyonu, ölənlərin sayı isə 5 milyonu keçib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda yoluxma sayı 402 milyondan çoxdur. Dünyada COVID-19-a ən çox yoluxma halları ABŞ (76 milyondan çox), Hindistan (42 milyondan çox) və Braziliyada (26 milyondan çox) qeydə alınıb.
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.